“Azərbaycanda soğan istehsalı təəssüflər olsun ki, hələ qaydasına düşməyib. Təxminən 3-4 aydan sonra faraş soğan bazara çıxarılacaq və bu da müəyyən mərhələdən sonra qiymətin kəskin aşağı enməsinə səbəb olacaq”.
Bunu kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov “Yeni Sabah”a açıqlamasında deyib. O bildirib ki, soğanın qiyməti uzun müddətdir, formalaşa bilməyib:
“Gah kəskin ucuzlaşır, gah da bahalaşır. Burda bəzi səbəblər var. Birincisi, soğan istehsalı ilə bağlı problemlər mövcuddur. Istehsal dayanıqlı deyil. Bir ildə daha çox istehsal edirlər, növbəti ildə isə ziyana məruz qaldıqları üçün soğan istehsalını azaldırlar. Belə olan zaman soğanın qiyməti bahalaşır. Demək olar ki, bu sahədə aparılan siyasət düzgün olmadığı üçün fermerlər məlumatsız olur, ya az, ya da çox məhsul istehsal edirlər. Soğanın bir müddət saxlanılması üçün şərait yaradılmalıdır ki, mövsümdə məhsulu daha çox bazara çıxarıb ucuzlaşdırmasınlar. Bilirsiniz, Türkiyədə hazırda soğana tələbat var. Bizim istehsalçılar da çalışır ki, məhsullarını nisbətən baha qiymətə satsınlar, xaricə ixrac etsinlər. Bu, yaxşı haldır. Lakin daxili tələbatı ödəmək üçün istehsal olunan məhsulların bir qismi ölkəyə yönəlməlidir. Fermerlərin soğanları Türkiyəyə aparmaq üçün xərcləri bir az artacaq, bununla yanaşı, qazanc da əldə edəcəklər. Daxili bazara soğan çıxarmayacaqlar, bu onlara sərf etmir”. pizza mizza
Ekspert bildirib ki, ümumiyyətlə ölkədə bu sahəyə diqqət yoxdur:
“Bilirsiniz, artıq Belarusiyadan, Rusiyadan gələn kartoflar istehsal edirik. Halbuki keçən il kartof sahələrdə çürüdü. Gəncə-Qazax bölgəsində 10 min tonlarla kartof məhv oldu və onu anbarlara yığıb, saxlayıb, sonradan bazara çıxarmaq imkanı olmadı. Deməli bizim bütün problemlərimiz bu sahədə aparılan siyasətlə bağlıdır. Əgər məhsulların bir müddət anbarlarda saxlanması təşkil edilərsə, mərhələ-mərhələ bazara çıxarılarsa, o zaman sahibkarlarımız ziyana məruz qalmaz və bazar axtarışına ehtiyac olmaz. Biz hələ daxili bazarda tələbatı ödəyəcək qədər mal-məhsul istehsal edə bilmirik. Fermerləri soğanı Türkiyədə satması ilə bağlı günahlandıra bilmərik. Çünki onlar hara faydalıdırsa, ora yönələcəklər”.
Günay Rəsulqızı
Telegram kanalımız