6 Oktyabr - 23:45
“Gəlinimə baxırsan” deyib butulka ilə... – Tovuzda kriminal

“Gəlinimə baxırsan” deyib butulka ilə... – Tovuzda kriminal

Kriminal

21 Sentyabr 2022 14:36 23117


Gəncə Ağır Cinayətlər Məhkəməsində qonşusunun başında araq butulkası qıran 1988-ci il təvəllüdlü Rafiq Qurbanova (soyadlar şərtidir) hökm oxunub.

“Yeni Sabah” xəbər verir ki, hadisə ötən ilin dekabrın 26-da  Tovuzda baş verib. Araşdırmalar zamanı məlum olub ki, Rafiq, qardaşı Qaroğlan və onların atası Məzahir zərərçəkmiş şəxs Elşən Abbasovla qonşu olublar. 

Hadisə günü Elşad Rafiqə zəng edərək ona işi olduğunu və görüşmək istədiyini deyib. O Rafiqin yaşadığı evə gedib. Onlar otağa daxil olanda Rafiq, qardaşı Qaroğlan və ataları Məzahirin şam yeməyi yeyib spirtli içki qəbul etdiklərini görüb. Elşən də onlarla əyləşərək 100 qrama yaxın spirtli içki qəbul edib. 

Axşam saatlarında onlar şam yeməyini yeyib qurtarandan sonra o Rafiqə , “artıq gecə olur gəl gedək işimizi danışaq” deyib. Bunu deyəndə Rafiqin atası, masanın arxasından ayaqüstə qalxaraq onun yanına gəlib və ona, “mənim gəliniməmi baxmağa gəlibsən” deyərək, sifətinin sol hissəsindən, göz nahiyəsindən bir dəfə yumruqla zərbə vurub. Zərbədən o geriyə gedib arxaya baxanda elə həmin anda Rafiq, əlindəki şüşə araq butulkası ilə onun başından bir dəfə zərbə vurub. Bundan sonra onun başında kəskin ağrı yaranıb və huşunu itirib. Nəticədə Elşad həyat üçün təhlükəli olan bir çox xəsarətlər alıb.

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Elşad Hüseynov ifadəsində deyib ki, ayılanda evində olduğunu görüb: “Bundan sonra təcili tibbi yardım avtomobili ilə Tovuz rayon mərkəzi xəstəxanasına getdik və 10 gün orada müalicə olundum. Vəziyyətim pisləşdiyi üçün Bakıdakı Respublika xəstəxanasına aparıldım. Rafiqdən şikayətçiyəm”.

Zərərçəkmiş şəxsin həyat yoldaşı ifadəsində deyib ki, evdə olan vaxt qapının döyüldüyünü eşidib və qapıya çıxanda Elşadın yerdə qapının qarşısında olduğunu görüb:  

“Ona kömək edib çarpayıya uzandırdım. Həmin vaxt üzü şişmiş və qaralmış vəziyyətdə idi. Nə üçün bu vəziyyətdə olduğunu soruşdum, həmin vaxt danışa bilmirdi. Elşada köməklik edib onu çarpayıya uzatdıqda burnundan qan gəldi və yediklərini qaytarmağa başladı. 

Səhər saat 10 radələrində Elşadın əmisi oğlu Hüseyni çağırdım. Elşad danışa bilmirdi. Xəstəxanaya apardıq. Orada Elşada ilkin tibbi yardım göstərildi və məsləhət gördülər ki, daha yaxşı müalicə üçün Elşadı Bakı şəhərinə aparaq. Onu Bakı şəhərində yerləşən Respublika xəstəxanasına apardıq. Orada 10 gün müalicə aldı. Təxminən 7 gün sonra özünə gəlib danışmağa başladı”.

Təqsirləndirilən şəxs Rafiq Qurbanov ifadəsində özünü qismən təqsirli bildiyini deyib. Onun sözlərinə görə, o Elşadı butulka ilə deyil, yumruq ilə vurub. Əməlindən peşman olduğunu deyib.

R. Qurbanov Cinayət Məcəlləsinin 126.1-ci  (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib. Məhkəmənin qərarı ilə ona 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!