Gürcüstanla sərhədə yenidən baxıla bilməz – Keçmiş nazir

Gürcüstanla sərhədə yenidən baxıla bilməz –
İyul 18, 2019
Oxunma sayı: 160

“Yeni Sabah” keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun Turan İnformasiya Agentliyinə verdiyi müsahibəni təqdim edir:

- Azərbaycan və Gürcüstan ərazilərini bölən dövlət sərhədlərinin olduğu halda "sərhəd delimitasiyası" nə deməkdir?

- Delimitasiya yer üzrə bölgüdür. Bizim vəziyyətimizdə iki ölkə arasındakı sərhəd yamac üzrə, dağın zirvəsi üzrə keçir və sərhəd sütunlarını harada qoymağın, yamacı hansı xətt üzrə hesab etməyin lazım gəldiyini dəqiqləşdirməliyik.

Əgər sərhəd çayın ortasından keçirsə mövsümdən, yağışın intensivliyindən asılı olaraq məcra dəyişə bilərsə, belə vəziyyət də delimitasiya üzrə komissiya tərəfindən həll edilir. Bu, konkretləşdirmə tələb edən praktiki məsələdir.

Adətən belə komissiyanın işində yerli idarəetmə orqanları, ictimaiyyət, orada mal-qara otarmış və ya otaran fermerlər iştirak edirlər. Din xadimləri və tarixçilər də delimitasiya komissiyasının işində iştirak edə bilər.

İndi də kiçik bir hissəsi Azərbaycan ərazisində qalan monastır kompleksi haqqında. Hər tərəfin öz iddiaları və tarixi əsasları var.

Gürcüstan tərəfinin monastrın pravoslav tarixinə dair iddiaları nədən irəli gəlir - onlar hesab edirlər ki, monastrın iki obyekti onlara məxsus olmalıdır, çünki azərbaycanlılar öncə zərdüştilər, qismən yəhudilər, sonra xristianlar olub, sonradan türklər bölgəyə gələrək, öz dillərini və mədəniyyətlərini yerli xalqa yayıb. Yəni, indiki halda Gürcüstanın tələbinin dini əsaslandırılması diqqətə alına bilməz. "David Gareci" kompleksi həm də Azərbaycan mədəniyyətinin tarixi- dini irsidir.

Mənim fikrimcə, problemin həlli belədir - delimitasiyanı elə düzgün aparmaq lazımdır ki, orada xüsusi statusu olan ayrıca mədəni- tarixi və dini zona yaradılsın. Həmin kompleksi Gürcüstan və Azərbaycan YUNESKO ekspertlərinin iştirakı ilə bərabər əsaslarla idarə edə bilər. Gürcülər idarəedici struktura öz təmsilçilərini verəcəklər, biz öz təmsilçilərimizi, üstəgəl YUNESKO təmsilçiləri. Ehtimal edək ki, Gürcüstan və Azərbaycandan üç, YUNESKO-dan iki idarəçi əlavə edildi. Hər iki ölkənin vətəndaşları beynəlxalq orqan tərəfindən idarə olunan kompleksi ziyarət edə bilər.

Bu halda kompleksin ərazisi, hansısa şərti sahə Azərbaycanın suveren torpağı olaraq qalır, iki ölkənin bərabər idarəçiliyilə xüsusi mərkəz yaradılır. Monastr iki xalqın mədəni irsi elan edilir. Ora turistlər ziyarətə gəlir, oradan suvenirlər alır, ibadət edirlər. Əgər biz orada ümumi mədəni-tarixi kompleks yaratsaq, həmin torpağın ərazi məxsusluğu əhəmiyyətini itirir. Əgər ərazinin məxsusluğu barədə mübahisəyə başlasaq, münaqişə uzun illər davam edəcək.

- Gürcü siyasətçilər deyirlər ki, Azərbaycan və Gürcüstan SSR-in sərhədləri şərtidir və yenidən baxılmalıdır.

- Müstəqil Azərbaycan BMT-nin tərkibinə Azərbaycan SSR-in sərhədləri ilə daxil olub. Bizim ərazi beynəlxalq birlik tərəfindən tanınır, həmin ərazi müstəqil Gürcüstan tərəfindən də tanınıb və yenidən baxıla bilməz. Bu sahənin kimə məxsus olması vacib deyil, vacib olan müzakirə olunan ərazinin mədəni-dini irsini qoruyaraq ondan necə istifadə etməkdir. Gəlin, Avropadakı kimi hərəkət edək, şəhərin mərkəzindən qırmızı çizgi keçir ki, bunun arxasında digər dövlət başlayır, şəhər sakinləri isə istənilən istiqamətdə bu çizgini keçə bilər.

- Avropada dövlətlərdən birinin bir dəstə vətəndaşı sərhədçiyə hücum etmir.

- Gürcüstanda ona görə hücum edirlər ki, onlar öz siyasi vəzifələrini yerinə yetirirlər. Zəvvar, dindar, turist isə hərbçiyə hücum etməyəcək. Ondan ötrü kompleksin mövcud idarəetmə strukturu hər şeyi həll edir. Əgər orada birgə idarə olunan kompleks yaradılarsa, indiki siyasətçi-təxribatçılar da öz hərəkətlərinə son verəcəklər. Onlar təxribat üçün zəmindən məhrum olacaqlar.

- Gürcüstanda yerli siyasətçilər prezident Salome Zurabişvilini səriştəsiz siyasətçi kimi ağılsız bəyanatlarla münaqişəyə təhrik etməkdə ittiham edirlər.

- Gürcüstanda baş verənlər gürcü xalqının daxili işidir. Gürcüstanda iki siyasi tendensiya mübarizə aparır: Qərbyönlü və Rusiyapərəst. Sonuncu maqnat İvanişvili və hakim elitadır. Onlar Rusiya ilə əməkdaşlığa çağırırlar, baxmayaraq ki, ölkələr arasında problemlər var. Onlara qarşı çıxan müxalifətçilər isə yalnız Qərb ilə əməkdaşlıq tələb edirlər. Onlar parlamentdə və küçələrdə öz aralarında münaqişə edirlər.

Xaricdən idarə olunan Rusiyapərəst elita monastr üçün bu problemi ona görə düşünüb ki, Rusiya Gürcüstana təzyiqi artıra bilsin, kifayət qədər başqa problemi olan Gürcüstan üçün geosiyasi baxımdan da problem yaratsın. Rusiya Qərbin Mərkəzi Asiya ilə qaz və neft kommunikasiyaları da daxil olmaqla, tranzit və əlaqəni həyata keçirdiyi dəhlizin fəaliyyətini dayandırmaq niyyətindədir. Qərbin Gürcüstana və Azərbaycana təsir göstərdiyi yer. Rusiya həmin regiona özü nəzarət etmək, orada yeni münaqişə yaratmaq istəyir.

Monastr ətrafında hadisələrə müdaxilə edən ikinci oyuncu var. Paşinyan administrasiyası başa düşür ki, Azərbaycanla hərbi əməliyyatlar şəraitində Rusiyadan "təhlükəsizlik çətiri" ala bilməyəcək. Çünki Moskva Paşinyanı qəbul etmir, o isə Kremlin istədiyi əməkdaşlığa getmir, Köçəryanı həbsdə saxlayır. Paşinyan başa düşür ki, Azərbaycan və Gürcüstan üçün ikinci cəbhə yaradaraq özünü müdafiə etməlidir. Monastr ətrafında hadisələrdən öncə Azərbaycan Ermənistanla sərhəddə sərhəd qoşunlarını yerləşdirib. Paşinyan ümid edir ki, Gürcüstan sərhəddində sərhəd qüvvələrini möhkəmləndirməklə biz Ermənistanla sərhəddi zəiflədə bilərik. Onun məntiqi və hərəkətləri çox bəsitdir.

Oyunda üçüncü komponent Rusiyadakı ermənipərəst qüvvələr, siyasətçilər və RF-da ermənilərə işləyən erməni əsilli təbliğatçılardır. Hələ Kalantarov və başqalarını demirik. Onlar özlərinin Rusiya vətəndaşlıqları barədə bəyan edə bilər, ancaq Ermənistana xidmət edər. Odur ki, Azərbaycan və Gürcüstan arasında münaqişənin yaradılması siyasəti həm Ermənistanda, həm də bütün dünyada ermənilərin diaspor strukturlarında formalaşdırılır.