“Hərbi dərslərin keçirilməməsi səhv qərar idi”  - Ekspert
03 İyn 2020 14:36
514

“Hərbi dərslərin keçirilməməsi səhv qərar idi” - Ekspert

Ötən gün Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası baş tutub. İclas zamanı deputat Fazil Mustafa mühüm bir məsələyə toxunub. “Dağlıq Qarabağla bağlı məsələdə bir sıra amilləri kənarda saxlamaq fəsadlara səbəb olacaq” - deyən millət vəkili,  bir neçə il əvvəl məktəblərin birində qumbara partlayandan sonra orta məktəblərdə hərbi dərslərin yığışdırılması məsələsinə diqqət çəkib

Millət vəkili qeyd edib ki, biz müharibə aparan millətik və Azərbaycan oğlanları mütləq hərbi dərs keçməlidirlər. Qızlarımız isə şəfqət bacısı kimi minimal biliklərə yiyələnməlidir: “Bilməliyik ki, danışıqların heç bir nəticəsi olmayacaq, biz Qarabağ məsələsini hərb yolu ilə həll edəcəyik. Biz vətəndaşları gələcəyin savaşına hazırlamalıyıq”. 

Sözügedən məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilov bildirib ki, Fazil Mustafanın qaldırdığı problem vacib və yerində olan məsələdir. Hərbi dərslər birmənalı şəkildə bərpa olunmalıdır: “Həmin hadisə mənim də yadımdadır. Misir Mərdanovun dövründə Sumqayıtda müəllimin ehtiyatsızlığı üzündən əl qumbarası partladı. Lakin bu, bir qəza idi. Kimsə hər hansı sahədə ehtiyatsızlıq edibsə, həmin sahə aradan götürülməlidir deyə bir şey yoxdur. Yüzlərlə təyyarə qəzaya uğrayır, yüzlərlə gəmi batır, avtomobil qəzasından minlərlə insan ölür, bu o deməkdir ki, indi biz təyyarə, gəmi və avtomobildən imtina etməliyik? Məsələyə bu cür yanaşmaq düzgün deyildi. Əvvəllər hərbi dərsləri üçün zəngin kabinetlər var idi. Həmin kabinetlərdə əleyhiqaz, avtomat və s. hər şey var idi. Mən kənd müəllimliyindən bu yolu keçən adamam. Maarif müdirliyinə qədər gəlib çıxmışam. Yəni proseslərin içində olmuşam. Zəngin kabinetlərin hesabına uşaqlar avtomatı sökürdülər, sonra da göz qırpımında yığırdılar. Dərsdən əlavə çöl toplanışları olurdu, orda iştirak edirdilər. Çöldə hədəfi vurmağı öyrənirdilər. Sözügedən hadisədən sonra kabinetlər, silahlar yığışdırıldı. Fazil Mustafanın məsələni gündəmə gətirməsi vacibdir. Hərbi hazırlıq əlbəttə ki, olmalıdır. Biz müharibə şəraitində olan bir ölkəyik. Heç müharibə olmasa da, hərbi hazırlıq olmalıdır. Çünki gənclər hərbiyə çağırılırlar, əvvəldən məlumat əldə etməlidirlər. Bizdə dinc dövrdə nə qədər gənc qar uçqununa düşür, əsgərlikdə onların məlumatsızlığı özünü göstərir. Ona görə də hərbi dərslər bərpa olunmalıdır. Bizdə pioner düşərgələri var idi, bütün yay ərzində uşaqlar şeypurun səsilə yuxudan ayılıb sıraya düzülürdülər, bayraq qaldırılırdı. Bunlar hamısı uşaqları müstəqil həyata hazırlayırdı. Əvvəllər qızlar üçün şəfqət bacısı anlayışı öyrədilirdi. Uşaqlar dərsə gələndə onlarda nizamlılıq hiss olunurdu. Dünya təcrübəsində hərbi hazırlıq hazırda davam edir. Bu, onların fiziki tərbiyəsində, gələcək həyata hazırlanmasında mühim rol oynayır”. 

Nadir İsrafilov vurğulayıb ki, bəzən səsləndirilən problemlər həllini tapmadan qalır, bu məsələnin həllini təmin etmək üçün müəyyən addımlar atılmalıdır: “Milli Məclisin yeni tərkibində savadlı və təhsillə bağlı olan çoxlu sayda insan seçilib. Hesab edirəm ki, onlar fikirlərini bildirməli və məsələni gündəmdən salmamalıdırlar. Lakin qeyd edim ki, problemi gündəmə gətirmək məsələnin bir tərəfidir. Bizdə çox olub ki, Milli Məclisdə fərqli məsələlər dəfələrlə qaldırılıb, lakin nəticə olmayıb. Söhbət problemi gündəmə gətirməkdən getmir, onun üstünə getmək və həllinə varmaq lazımdır. Burada mətbuat da əsas dəstəkvericilərdəndir. Mətbuatda bu məsələ nə qədər işıqlansa, problem o qədər tez həll olar. Vaxt var idi ki, Magistratura təhsili alan tələbələrin hərbi xidmətə çağırılması müzakirə olunurdu. Ortaya belə fikir çıxarmışdılar ki, müharibə şəraitindəyik və Magistratura tələbəsi də xidmətə getməlidir. Amma mətbuat və ekspertlər bu məsələnin üstünə getdilər ki, 5-10 magistrla ordumuzun qüvvəsi nə artacaq, nə də azalacaq... Hazırda texnologiya əsridir. Bizim elmimiz geri qalır, alimlərimizin əksəriyyətinin 60-70-dən yuxarı yaşı var. Gənc alimlər yoxdur. Məsələ nəhayət, ölkə başçısına çatdı və prezident tapşırığı ilə magistrlar hərbi xidmətdən azad olundu. Problemə yanaşma yolu da önəmlidir. Bəli, biz hazırda müharibə vəziyyətindəyik və ermənilərin baş nazirinin savadsız çıxışları biraz gərgin mövqe yaradır. Bizim də səbrimizin həddi var. Problemin sülh yolu ilə həll olunması üçün çalışılır, amma bəzən ermənilər elə hərəkətlərə yol verirlər ki, hövsələdən çıxmaq mümkün olur, ona görə də hərbi dərslər tədris olunmalıdır”. 

Sayad Həsənli

Oxşar xəbərlər