Hindistanın Azərbaycandakı səfirindən Kəşmir açıqlaması: “Güllə atılmayıb...”

Hindistanın Azərbaycandakı səfirindən Kəşmir açıqlaması:
Avq 23, 2019 15:16
Oxunma sayı: 125

Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Cammu və Kəşmirdə baş verənlər haqqında danışıb. 

“Yeni Sabah” xəbər verir ki, səfir Hindistan konstitusiyasının Cammu və Kəşmirə xüsusi status verən 370-ci maddəsinin bəzi müddəalarının ləğv edilməsini şərh edərkən deyib ki, bu qərar yaxşı idarəetmə və sosial-iqtisadi ədalət naminə atılmış addımdır.

Diplomatın sözlərinə görə, bu qərar həm də Hindistanın daxili məsələsidir. “Bu qərar heç bir halda Cammu və Kəşmirin sərhədlərini dəyişmir. Bundan əlavə, Hindistan konstitusiyasına dəyişiklik xalqın suveren məsələsidir. Bu unikal və yaxud fövqəladə hal deyil, normal prosesdir”, - deyə səfir bildirib. 

Bu qərarın konkret hansı faydalar gətirəcəyi barədə danışan B. Vanlalvavna deyib ki, həmin müddəalar məşğulluq, əmlakın əldə olunması, məskunlaşma və təhsil təminatlarını məhdudlaşdırırdı. Nəticədə, ştatdan kənar heç bir şirkət və yaxud fiziki şəxslərin Cammu və Kəşmir iqtisadiyyatına sərmayə qoymaq istəməməsi səbəbindən ştatın iqtisadi tərəqqəsinə yatırılan sərmayə ciddi şəkildə məhdudlaşıb:

“Həmin 370-ci maddəyə əsasən qeyri-ştat sakinləri ilə ailə quran yerli qadın sakinlər öz əmlaklarını uşaqlarına ötürə bilməzdilər. Həmin maddəyə əsasən həmçinin, ölkənin digər hissələrindən fərqli olaraq Cammu və Kəşmirdə qadınlar yerli orqanlara seçkilərdə təmsil edilməkdən məhrum edilmişdi”, - deyə səfir vurğulayıb.  

Cammu və Kəşmirin hazırkı vəziyyəti haqqında danışan diplomat deyib ki, işıq, su və sanitasiya da daxil olmaqla əsas təchizatlar təmin olunub, xəstəxana və tibbi təsisatlar normal fəaliyyət göstərir, dərman çatışmazlığı yoxdur. 19 avqustdan etibarən 190-dan çox ibtidai məktəb və 200-dən çox orta məktəb yenidən açılıb. 

Səfirin sözlərinə görə, hökumətin Cammu və Kəşmirə dair son qərarı nəticəsində heç bir ciddi zorakılıq insidenti baş verməyib, heç bir güllə atılmayıb, insan itkisi yoxdur. 

Yenisabah.az

Yenisabah.az