“İlham Əliyevin bu təklifi çox yerinə düşdü ”  – Araz Əlizadə
29 İyn 2020 17:48
1229

“İlham Əliyevin bu təklifi çox yerinə düşdü ” – Araz Əlizadə

ASDP sədri Araz Əlizadənin Yenisabah.az-a müsahibəsi:

- Araz bəy, bildiyiniz kimi Prezident İlham Əliyev pandemiya ilə mübarizə çərçivəsində BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsini təklif edib. Azərbaycanın dövlət başçısının bu təşəbbüsünü necə qiymətləndirirsiniz? 

- Bu təşəbbüsü müsbət qiymətləndirirəm və artıq bilirəm ki, 130 dövlət buna müsbət rəy verib. Bu Azərbaycanın və şəxsən də Cənab Prezidentin nüfuzunun artmasından xəbər verir. Və bu onu göstərir ki, mövzu çox aktualdır. Ona görə də bu cür – koronavirusun tüğyan elədiyi vaxtda belə bir assambleyanın keçirilməsi çox vacibdir. Çünki epidemiya göstərdi ki, bir çox özünü lider sayan dövlətlər özlərini çəkdilər qırağa və hərə öz işi ilə məşğul oldu. Və dünyanı idarə edə bilmədilər. Belə olan halda əlbəttə ki, Cənab Prezidentin bu təklifi çox yerinə düşdü. 

- Azərbaycanın artan beynəlxalq nüfuzu Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə hansı töhfələri verə bilər? 

- Biz müharibə edib torpaqlarımız azad etsək, bizə heç kəs “gözünün üstündə qaşın var” deməyəcək. Və burada da vurğulamaq lazımdır ki, hələlik assambleyanın çağırılmasına “yox” deyən yeganə bir dövlət Ermənistandır. 

- Sizə elə gəlmir ki, münaqişənin həllinin uzanması həm də beynəlxalq ictimaiyyətinin ikili standartlardan çıxış etməsiylə bağlıdır? 

- Əlbəttə. Biz ümumiyyətlə, əvvəllər təbliğat müharibəsini uduzduq. Daha sonra isti müharibəni. Ona görə də Azərbaycan beynəlxalq aləmdə çalışır ki, öz nüfuzundan istifadə eləsin və bu məsələdə dönüş yaratsın. 

- Beynəlxalq münasibətlər sistemində vəziyyəti ölkəmizin lehinə çevirmək üçün hansı addımlar atılmalıdır? 

- Həmin addımlardan biri bu sessiyanın çağırılmasıdır. Azərbaycan tarazlaşdırılmış siyasət yürüdür və hamı bilir ki, biz heç kəsin qoltuğunun altına girmirik. Azərbaycan böyük qardaş axtarmır, biz özümüzə böyük dost axtarırıq.  

- Sizcə, Azərbaycanın pandemiya ilə mübarizədə xüsusi təşəbbüslə çıxış etməsi, ölkəmizin dünya əhəmiyyətli problemlərin həlliylə məşğul olması bizə rəqiblərimiz qarşısında hansı üstünlüklər vəd edir? 

- Bu o üstünlükləri vəd edir ki, hamı görür ki, Azərbaycan qlobal məsələlərlə məşğuldur və xırdaçılığa varmır.

Əsmətxanım

Oxşar xəbərlər