Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“İranın “din qardaşlığı ədəbiyyatı” ilə Azərbaycan xalqını aldatmağa çalışması acı bir həqiqətdir”
14 Sen 2021 20:57
690

“İranın “din qardaşlığı ədəbiyyatı” ilə Azərbaycan xalqını aldatmağa çalışması acı bir həqiqətdir”

“Əsrlər boyu türk-islam dövlətlərinin hakimiyyət sahəsində yer alan, bizim mədəniyyətimizin bir parçası olan, əhalisinin mütləq bir hissəsi Azərbaycan türklərindən ibarət olan və həm də bizə qonşu olan İranın ölkəmizə qarşı davranışı qəbuledilməzdir. 30 il boyunca Ermənistan bizim torpaqları işğal edərkən, məscidlərimizi, kitabxanalarımızı, abidələrimizi, evlərimizi yerlə-yeksan edərkən İran rejiminin də bir formada bütün bu işğalçı fəaliyyətlərə ortaq olması, o dağıdılma prosesində aktiv şəkildə iştirak etməsi, üstəlik də bütün bunları edərkən “din qardaşlığı ədəbiyyatı” ilə Azərbaycan xalqını aldatmağa çalışması acı bir həqiqətdir. İran sanki, necə təhlükəli bir siyasətin içərisində olduğunun fərqində deyil.”

Yenisabah.az xəbər verir ki, bunu tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu Bayraqdar.info-ya özəl açıqlamasında deyib.

Onun sözlərinə görə, bütün beynəlxalq hüquq, qonşuluq münasibətləri açıq şəkildə tələb edir ki, İran Azərbaycanın ərazi bütövlüyünə sayğı və hörmətlə yanaşsın: “Amma biz bunu görmürük. Hər gün İrandan gələn onlarla tır rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi bölgələrə, xüsusilə də erməni separatçılarının məskunlaşdığı Xankəndiyə qanunsuz yükdaşımalar həyata keçirir. Düzdür, bu tırlarda yanacaq və ərzağın daşındığı iddia olunur. Lakin yayılan məlumatlara əsasən iranlılar və ermənilərin müxtəlif hiylələrə əl atdıqlarını nəzərə alsaq, o zaman haqlı olaraq bu tırlarda separatçılara silahların da aparıldığı şübhəsi yaranır. Bildiyiniz kimi həmin məlumatlarda iranlılar və ermənilərin rusiyalı sülhməramlıların yerləşdirildiyi zonalara çatdıqdan sonra İran maşınlarına erməni qeydiyyat nömrələri yerləşdirdikləri vurğulanır. Hər halda bu da çox düşündürücü məqamdır. Biz Azərbaycan xalqı olaraq İranın bu addımını, yəni, ümumiyyətlə, tırlarda nə olmasından asılı olmayaraq həmin bölgəyə həyata keçirilən qanunsuz yükdaşımaları qətiyyən qəbul edə bilmərik”.

T.Nüsrətoğlu separatçılığa, revanşizmə dəstək verən İranın təhlükəli siyasətinin bu ölkənin özünə ziyan vura biləcəyini də deyib: “Yuxarıda qeyd etdiyim kimi İran əhalisinin mütləq bir hissəsi Azərbaycan türklərindən ibarətdir. Daha dəqiq desək, həmin ərazilər Azərbaycan türklərinin ana vətənləridir. Bütün bunların fonunda erməni separatçılarına dəstək verən İran rejimi hansı təhlükəli siyasət apardığının fərqində olmalıdır. Bir tərəfdən Azərbaycana narkotik ixracatının da əsas hissəsinin İran üzərindən ötürüldüyü məlumdur. Başqa bir tərəfdən dindən istifadə edən İranın Ermənistanla yaxınlaşma siyasəti həyata keçirdiyi, erməni tərəfdarı bir siyasət reallaşdırdığı da sirr deyil. Bunun çox dərin təməlləri var. Bu mənada İranın apardığı siyasət nə qonşuluq prinsiplərinə, nə də İslam dinin qayda-qanunlarına sığmır. Əgər İran Azərbaycan tərəfinin dəfələrlə xəbardarlıq etməsinə, nota verməsinə baxmayaraq bu siyasəti davam etdirirsə, Azərbaycanın da haqqı var ki, cənub qonşumuza münasibətdə eyni davranış sərgiləsin”.

Müsahibimiz onu da bildirib ki, İranın bu addımı eyni zamanda bölgədə sabitlik, əməkdaşlıq və inkişaf iqliminin əleyhinə yönəlib: “Türkiyə və Azərbaycan israrlı bir şəkildə regionda altılı platforma həyata keçirilməsi, əməkdaşlığın, təhlükəsizliyin, sabitliyin daimi olması üçün çalışarkən, İran tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan erməni separatizmini dəstəkləmək nə deməkdir? Ermənistanın işğalçı dövlət olduğu beynəlxalq sənədlərdə də əks olunub. Müharibədən sonra Ermənistan aldığı acınacaqlı məğlubiyyət nəticəsində Azərbaycanın ərazi bütövlüyünü tanımağa meyl edərkən, İranın sönməkdə olan erməni separatizmini yenidən canlandırmağa xidmət edən addımları təbii ki, qəbul edilə bilməz”.

T.Nüsrətoğlu sonda “İranda öz mədəni, dil haqları əlindən alınmış, İran dövlətinin qurucusu olan, etnik kimliyi olan Azərbaycan türklərinə qarşı bir diskriminasiya siyasətinin aparıldığını da xatırlatmaq yerinə düşər”, – deyə sözlərinə əlavə edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər