“Jurnalist deyəndə ağıla məmurlara yaltaqlanan adam gəlməməlidir”  - Video
15 Yan 2021 18:00
1089

“Jurnalist deyəndə ağıla məmurlara yaltaqlanan adam gəlməməlidir” - Video

“İncə bir məqama toxunmaq istəyirəm. Mən mühafizəkar adam deyiləm. Amma mental dəyərlərə hörmətlə yanaşıram. Bizim mentalitetimizdə bəzi nöqsanlar var. Onlardan biri də odur ki, kənddə quzuların kökünü kəsmiş canavarı tutanda hamının ona ürəyi yanır. Heç kim ona daş atmaq istəmir".

Bu sözləri Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə bu gün APA TV-də qonaq olarkən deyib. Jurnalist qeyd edib ki, KİV Fondunun sabiq icraçı direktoru Vüqar Səfərli həbs olunandan sonra bu istiqamətdə müzakirələr başladı ki, gedənin dalınca danışmazlar. Onun sözlərinə görə, özü və opponneti Əvəz Zeynallı həmişə Vüqar Səfərlinin fəaliyyətini tənqid edib:

"Biz Vüqar Səfərlinin qılıncının dalı da, qabağı da kəsəndə sözümüzü demişik. Vüqar Səfərlidən daha vacib problemlərimiz var. O problemləri müzakirə etməyə gəlmişik. Vüqar Səfərli KİVDF-nin sədri olanda, orada pul paylayanda mən bilirdim ki, o da, Əli Həsənov da mətbuatda müvəqqətidir. Amma mən bilirdim ki, ölənədək mətbuatda qalacam. Çünki mənim yazmaqdan və danışmaqdan başqa əlimdən heç nə gəlmir. Ona görə də istəyirəm ki, dik gəzə bilək, xəcalət çəkməyək, rayonda jurnalist olduğumuzu deyəndə heç kim bizə ağız büzməsin, valideynimiz, övladımız, qohumumuz jurnalist olduğumuzu gizlətməsin. Amma gizlədənlər var idi. Çünki jurnalist deyəndə ağıla məmurların bəslədiyi reket jurnalistlər gəlirdi. Qapı-qapı dolaşan, kənd yerlərində toyuq, qaz yığan, Bakıda məmurlardan 5-10 manat yığan şəxslər ağıla gəlirdi. Bundan qurtulmaq lazımdır”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər