“Koronavirus Çinin geostrateji hədəflərini arxa plana keçirməyib”  - Politoloq
13 Avq 2020 12:24
287

“Koronavirus Çinin geostrateji hədəflərini arxa plana keçirməyib” - Politoloq

“Koronavirusun Çində peyda olması və dünyaya yayılması mövzusu əvvəlki aylarla müqayisədə sanki bir qədər arxa plana keçib. Bəzi dövlətlərin virusun peyda olmasıyla bağlı beynəlxalq komissiyanın yaradılması və fəaliyyətə başlaması ideyası da əvvəlki kimi gündəmdə ağırlığını qorumur. Çünki, hazırda bütün dövlətlər güclərini və enerjilərini virusla mübarizəyə yönəldiblər. Ancaq virusla mübarizə uğurla başa çatdıqdan sonra virusun necə meydana gəlməsi mövzusu yenidən aktuallaşacaq. Bu məsələni ona görə tətqiq etmək vacibdir ki, gələcəkdə bəşəriyyət oxşar problemlə üzləşməsin və ya əvvəlcədən lazımi tədbirlər görülsün”.

Yenisabah.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, virus Çinin geostrateji planlarını əsla arxa plana keçirməyib. Çin dünyanın virusla mübarizə apardığı aylarda belə böyük dövlətlərin bir qismi ilə, o cümlədən ABŞ, Avstraliya, Hindistan və digərləriylə gərginlik yaratmaqda davam edir:

“Son vaxtlar Çinin Mərkəzi Asiyadakı qonşusu Qazaxıstanla da münasibətlərində sualların sayı artır. Doğrudur, Astana böyük qonşusuyla birbaşa münaqişədə maraqlı deyil, ancaq Pekinin siyasəti Qazaxıstanı da ciddi narahat etməyə başlayıb. 

Bu ilin aprel ayında Qazaxıstan Xarici İşlər Nazirliyi Pekinə nota verib. Notaya səbəb Çin mediasında yayınlanan yazılardır. Həmin yazılarda Qazaxıstanın heç zaman dövlət kimi formalaşmadığı və tarixən Çinə məxsus olmasını iddia edilib. Astanaya bəllidir ki, Çində müstəqil media yoxdur. Ona görə qonşu ölkənin mediasında nə yayınlanırsa, bu, Çinin rəsmi strukturların birbaşa himayəsi və sifarişi ilə həyata keçirilir. Deməli, Çinin rəsmi strukturlarında qonşu Qazaxıstana ərazi iddiası kimi fikirlər müzakirə olunur. Halbuki iki ölkə liderinin 11 sentyabr 2019-cu ildə imzaladıqları ortaq bəyannamədə bir-birlərinin ərazi bütövlüyünə hörmətlə yanaşılması qeyd olunub. Həmin bəyannamədə ayrıca bir bənd də var ki, iki ölkənin rəsmi strukturları mediada ərazi bütövlüyü məsələlərinə diqqət yetirməlidirlər. Görünür, Astana məhz ona görə Pekinə nota göndərib ki, Çin hakimiyyəti imzaladığı bəyanata hörmət etmir”. 

Politoloq hesab edir ki, hadisələrin bu istiqamətdə inkişafı Qazaxıstan cəmiyyətini də narahat edir:

“Qazaxıstan cəmiyyəti ondan da narahatdır ki, Çin investisiyalar adı altında Qazaxıstanda çinlilərin miqrasiyasını həyata keçirir və bu bir sıra hallarda toqquşmalara gətirib çıxarır. Qazaxıstandakı fəallar çinlilərə torpaq sahələrinin satılmasının da əleyhinədirlər. 

Çinin Mərkəzi Asiyada siyasi və iqtisadi ağırlığı getdikcə artır. Mərkəzi Asiya ölkələrinin xarici investisiyalara ehtiyacı var. Nə ABŞ, nə də Rusiya Mərkəzi Asiyaya milyardlarla dolar investisiya yatırmaq istəmir, çünki bunun iqtisadi səmərəsini görmürlər. Yeganə Çin dövlətidir ki, Mərkəzi Asiyaya milyardlar yatırır. Ancaq bu yatırımların arxasında Pekinin siyasi məqsədləri var. Mərkəzi Asiya ölkələrindən Çindən gələn bu təhlükəni ilk olaraq Qazaxıstan hiss edib”. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər