16 Avqust - 11:40
Londondakı hücumun arxasında kim dayanır? - Deputatdan  AÇIQLAMA

Londondakı hücumun arxasında kim dayanır? - Deputatdan AÇIQLAMA

Siyasət

05 Avqust 2022 19:57 5707


“Sonrakı mərhələdə də din vasitəsilə Azərbaycan hökumətinə təzyiq etməyə çalışacaqlar”. 

Bu sözləri Yenisabah.az-a Milli Məclisin deputat Ceyhun Məmmədov Londondakı Azərbaycan səfirliyinə baş verən silahlı hücumunu şərh edərkən bildirib.

Deputat qeyd edib ki, məsələyə yanaşmada bir neçə məqam nəzərə alınmalıdır:

"İslam digər insanlara qarşı bu cür rəftarları qəbul eləmir. İslam humanizm dinidir, İslam insanları birliyə, bərabərliyə, həmrəyliyə çağırır. Dinimiz bu kimi əməlləri qəbul etmir. Quranda Allah insanları öz dininə hikmətlə, öyüd nəsihətlə dəvət eləməyi bildirir. Dinlə “radikalizm” sözünü yan-yana qoymaq düzgün deyil. Amma bu gün beynəlxalq aləmdə dini radikalizm bir termin kimi oturuşub. Kimlərsə din adından istifadə edib radikal addımları atır”. 

“Azərbaycan Vətən müharibəsində qələbəsini təmin edib. Ölkə güclənir, nüfuzu artır. Təbii ki, bu da bir sıra dairələri narahat edir. Ona görə də indiki və sonrakı mərhələlərdə din vasitəsilə Azərbaycan hökumətinə təzyiq etməyə çalışacaqlar. 

Bu gün dövlət olaraq qarşımızda duran ən mühüm məsələlərdən biri din sahəsində daha çevik, daha professional, daha qəti addımların atılmasıdır. Bunu etməsək, təhlükəsizliyimizi təmin etməsək belə hallarla üzləşəcəyik. Ona görə dövlət qurumlarının üzərinə çox ciddi vəzifələr düşür. Həm ölkə daxilində, həm də xaricdə bu mənbələr tapılıb zərərsizləşdirilməlidir", - C.Məmmədov bildirib.

Deputatın fikirincə bu hadisə əvvəlcədən düşünülmüş məsələdir: "Bu məqsədli şəkildə Azərbaycana qarşı törədilmiş növbəti təxribatdır. Azərbaycana bir siqnal mesajı daşıyır. Beynəlxalq müstəvidə proseslərə baxanda bu cür qrupların fəaliyyətində müəyyən dövlətlərin iştirak etdiyini görərik. Elə-belə xaotik bir hərəkət deyil.

Niyə məhz Azərbaycan səfirliyi?! Niyə başqa ölkə seçilmədi?! Bunu ölkədə baş verən, dinlə bağlı hadisəylə əlaqələndirməyi düzgün hesab etmirəm. Azərbaycanda din sahəsində dövlət müxtəlif addımlar atıb. Hətta radikal addımlar da olub. Həbslər baş verib, amma heç vaxt belə bir hal baş verməyib”.

“Londonda yerləşən səfirliyimizə hücum Azərbaycan hökumətinə, dövlətinə meydan oxumaqdır. Bu insanlar özlərini dindar hesab edirlər, əslində, xüsusi təlimlə yetişdirilmiş insanlardır. Videolara baxanda bu insanların nə dərəcədə təhlükəli olduğunu görürük.

Radikal qrupların əksəriyyəti dünyanın hər yerində xüsusi xidmət orqanlarının nəzarətində olur. Nə üçün Böyük Britaniya hansısa qrupun həmin ölkədə ofisli fəaliyyət göstərməsinə imkan verir? Suallar çoxdur...”, - deyə Ceyhun Məmmədov sözlərini tamamlayıb.

İmamət İSMAYILOVA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!