Geomaqnit qasırğaları zamanı Yer kürəsinin maqnit sahəsində baş verən dəyişikliklər insan orqanizminin adaptasiya mexanizmlərinə, xüsusilə ürək-damar və sinir sisteminin fəaliyyətinə təsir göstərə bilən xarici amillərdən biri hesab olunur. Bu dövrlərdə ürək-damar xəstəlikləri olan şəxslərdə arterial təzyiqin dəyişməsi, ürək ritminin pozulması, baş ağrısı, halsızlıq, yuxu və emosional vəziyyətdə dəyişikliklər daha çox müşahidə oluna bilər. Arterial hipertenziya, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və serebrovaskulyar xəstəlikləri olan şəxslər, eləcə də yaşlı insanlar daha həssas qrup hesab edilir.
"Yeni Sabah" AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) I Daxili xəstəliklər kafedrasının dosenti Leyla Əfəndiyeva bildirib.
Onun sözlərinə görə, Azərbaycanın iqlim şəraitində yay aylarında yüksək temperatur da ürək-damar sisteminə əlavə yük yaradır: “İsti hava ilə geomaqnit aktivliyin eyni dövrə təsadüf etməsi risk qrupunda olan insanların adaptasiya imkanlarını daha da gərginləşdirə bilər. Belə günlərdə arterial təzyiq və nəbzin mütəmadi izlənməsi, kifayət qədər maye qəbulu, günün ən isti saatlarında açıq havada və günəş altında uzun müddət qalmamaq, ağır fiziki fəaliyyəti məhdudlaşdırmaq, normal yuxu rejiminə riayət etmək tövsiyə olunur. Ürək-damar xəstələri həkim tərəfindən təyin edilmiş dərmanları özbaşına dayandırmamalı və ya dozalarını dəyişməməlidirlər”. pizza mizza
L.Əfəndiyeva qeyd edib ki, sinədə ağrı, kəskin təngnəfəslik, davamlı ürəkdöyünmə, arterial təzyiqin kəskin dəyişməsi və ya qəfil nevroloji əlamətlər yarandıqda bunu yalnız maqnit qasırğası ilə əlaqələndirmək olmaz və vaxtında tibbi yardım almaq vacibdir.
“Geomaqnit aktivlik barədə əvvəlcədən məlumatlandırma xüsusilə risk qrupunda olan şəxslərin profilaktik tədbirləri vaxtında görməsinə və sağlamlıqlarına daha diqqətlə nəzarət etməsinə kömək edə bilər”,- deyə o əlavə edib.
Telegram kanalımız