Gündəlik qidalanmada tez-tez istifadə edilən qarabaşaq təkcə doyumlu yemək deyil, həm də orqanizm üçün faydalı maddələrlə zəngin məhsuldur. Tərkibindəki lif, zülal, maqnezium və antioksidantlar onu sağlam qidalanmanın vacib hissələrindən birinə çevirir. Xüsusilə ürək-damar sisteminin və həzm orqanlarının sağlamlığının qorunmasında rol oynayır.
“Yeni Sabah” qarabaşağın orqanizmə faydalarını təqdim edir:
Ürək sağlamlığını dəstəkləyir Online shopping Azərbaycan
Qarabaşağın tərkibində olan rutin adlı antioksidant damarların sağlamlığının qorunmasına kömək edir. Bundan əlavə, liflə zəngin olması qanda xolesterinin səviyyəsinin tənzimlənməsinə müsbət təsir göstərir. Bu xüsusiyyətləri onu ürək-damar sağlamlığına diqqət edənlər üçün faydalı qida seçiminə çevirir.
Qanda şəkərin kəskin yüksəlməsinin qarşısını almağa kömək edir
Qarabaşaq digər bəzi karbohidratlı qidalardan fərqli olaraq, nisbətən aşağı glisemik indeksə malikdir. Tərkibindəki lif və zülal həzmi ləngidərək qanda şəkərin daha tədricən yüksəlməsinə kömək edir. Bu səbəbdən şəkərli diabeti olan şəxslər üçün də uyğun qidalanma seçimlərindən biridir.
Qəbizlik probleminin azalmasına kömək edir
Liflə zəngin olan qarabaşaq bağırsaqların fəaliyyətini dəstəkləyir. Müntəzəm və kifayət qədər lif qəbulu həzmin yaxşılaşmasına, nəcisin həcminin artmasına və qəbizlik riskinin azalmasına kömək edir. Bunun üçün gün ərzində kifayət qədər su içmək də vacibdir.
Sinir sisteminin fəaliyyətində rol oynayır
Qarabaşaq maqnezium mənbələrindən biridir. Bu mineral əzələlərin və sinir sisteminin normal fəaliyyəti, enerji mübadiləsi üçün vacibdir. Eyni zamanda, orqanizmin gündəlik maqnezium ehtiyacının ödənilməsinə kömək edir.
Dəri və saçların sağlamlığına töhfə verir
Qarabaşağın tərkibindəki antioksidantlar hüceyrələrin oksidləşdirici zədələnmədən qorunmasında iştirak edir. Zülal, dəmir və sink kimi qida maddələri isə saçların və dərinin normal vəziyyətinin qorunması üçün əhəmiyyətlidir.
Arıqlamaq istəyənlər üçün də uyğundur
Qarabaşaq lif və bitki mənşəli zülalla zəngin olduğundan uzun müddət toxluq hissi yarada bilər. Bu isə gün ərzində həddindən artıq qida qəbulunun qarşısını almağa kömək edir. Onu tərəvəz və zülal mənbələri ilə birlikdə yemək balanslı qidalanma baxımından daha məqsədəuyğundur.
Kimlərin qida rasionunda qarabaşaq ola bilər
Ürək-damar sağlamlığını qorumaq istəyənlər;
Qanda şəkərin səviyyəsinə nəzarət edənlər;
Qəbizlikdən əziyyət çəkənlər;
Artıq çəkidən xilas olmağa çalışanlar;
Lif və bitki mənşəli zülal qəbulunu artırmaq istəyənlər.
Qarabaşağı qaynadaraq, tərəvəzlərlə qarışdıraraq və ya müxtəlif yeməklərin tərkibində istifadə etmək mümkündür. Onu qatıqla yemək də geniş yayılmış seçimlərdəndir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız