Belçikanın paytaxtı Brüsseldə məscidə qarşı hücum baş verib. İbadət yerinin girişində nasistlərin simvolu olan svastika çəkilib.
“Yeni Sabah” xəbər verir ki, hadisə Brüsselin Laeken rayonunda yerləşən məsciddə baş verib. Yerli mətbuatın məlumatına görə, naməlum şəxslər məscidin girişindəki dəmir jalüzlərə spreylə bir neçə svastika çəkiblər.
Hadisə ilə bağlı Brüsseldə araşdırma başlanılıb. Brüssel meri Filip Klouz hücumu sərt şəkildə pisləyib. O bildirib ki, hadisə ilə bağlı Brüssel prokurorluğu tərəfindən istintaq aparılır. Dördpendirli pizza
Brüssel Regional Hökumətinin yerli idarəetmə naziri Əhməd Laaouej də hücumu pisləyib. O, Brüsseldəki dini məsələlər üzrə məsul nümayəndə Xalid Zianla birlikdə hücuma məruz qalan məscidə gedərək icmaya dəstək verib.
Belçikanın daxili işlər naziri Bernard Kintin də hadisəyə münasibət bildirib.
“Bir məscidə hücum etmək müsəlman vətəndaşların inancına və kimliyinə hücum etməkdir”, - nazir qeyd edib. O, Belçikada islamofobiya, irqçilik və antisemitizmə qarşı mübarizənin davam etdiriləcəyini bildirib. Nazir hadisəni alçaqcasına törədilmiş əməl adlandıraraq məscidin icmasına və ölkədəki bütün müsəlmanlara dəstək ifadə edib.
Nazir hücumun arxasında dayanan şəxslərin müəyyənləşdirilməsi üçün araşdırmanın davam etdiyini və günahkarların məsuliyyətə cəlb olunmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, sentyabrın 4-də Belçikanın Şel şəhərində yerləşən Tavfiq məscidi də islamofob hücuma məruz qalmışdı. Həmin hadisə ilə bağlı da araşdırma başlanılmışdı.
Əsmətxanım Rzazadə
Telegram kanalımız