Biznesmen deputatlar bu qanunun qəbuluna imkan vermir – Rəqabətsiz sabotaj

Biznesmen deputatlar bu qanunun qəbuluna imkan vermir –
May 15, 2019
Oxunma sayı: 1568

13 ildir ki Rəqabət Məcəlləsini qəbul etmək mümkün olmayıb. Rəqabət Məcəlləsi 2006-cı ildə Prezident tərəfindən Milli Məclisə təqdim edilib. 2007-ci ildə 2-ci oxunuşdan keçib.

“Yeni Sabah” xəbər verir ki, bunu ekspert Osman Gündüz deyib. O, bildirib ki, bundan sonra Məcəllənin qəbul edilməsi prosesi nədənsə xeyli müddət dayandırılıb.

2013-cü ildə Məcəllənin 3-cü oxunuşa verilməsinə cəhdlər olundu. Lakin bu cəhdlər də reallaşmadı.

O. Gündüz bildirir ki, 2016-cı ildə Prezident tərəfindən təsdiq olunan “Strateji yol xəritəsi”ində Rəqabət Məcəlləsinin qəbul edilməsi nəzərdə tutuldu: “Lakin indiyədək də Məcəlləni qəbul etmək mümkün olmayıb. Belə görünür ki monopolistlər bu Məcəllənin qəbul edilməməsi üçün bütün resurslarını və qüvvələrini səfərbər ediblər. 

Hətta 2-ci dəfə Prezidentin imzası ilə təsdiqlənən bir sənədin icrasına bu dərəcədə müqavimət varsa, düşünürəm ki probelem cox ciddidir.

Belə görürüəm ki, bu tərkibdə Milli Məclislə bu Məcəlləni qəbul etmək mümkün olmayacaq. 

Deputatlardan birisi açıq-aşkar demişdir ki, indiki depuatatların çox hissəsi bu Rəqabət Məcəlləsinə səs verməyəcək.

Çünki millət vəkillərinin müsahibələrindən görsənir ki, xeyli hissəsinin ciddi biznesləri var, deputatların bir hissəsini də keçmiş və indiki oliqarxlar seçdiriblər. Onlar da məcburdurlar ki, özlərinin və seçdirənlərin bizneslərini nəyin bahasına olursa olsun qorumalıdırlar.

Necə ola bilər ki ölkədə Prezident tərəfindən ciddi islahatların, köklü dəyişikliklərin getdiyi bir vaxtda, Məcəllə ilə bağlı 2 dəfə öz imzasıyla göstəriş imzaladığı bir vaxtda islahatlara ciddi təkan verəcək bir sənədi 13 ildə qəbul etmək mümkün olmasın?

Bunun adı nədir, sabotaj, islahatları dayandırmağa cəhdlər, inhisarçılığın toxunulmazlığı, yoxsa nə? Belə olan halda düşünürəm ki, iki yol qalır.

Ya Prezident növbədənkənar parlament seçkiləri təyin etməli, ya da Rəqabət Məcəlləsinin qəbulu üçün dövlət başçısı tərəfindən hansısa qeyri-ənənəvi üsullar tətbiq olunmalıdır.

Məcəllədə əsas məsələlər rəqabət yaradacaq məhsulların davamlı istehsalını təmin etmək, rəqabətyönümlü mühit formalaşdırmaq, inhisarçılığı aradan qaldırmaq, qiymət siyasətini müəyyən etmək, müvafiq dövlət qurumunun səlahiyyətlərini müəyyən etmək və s. nəzərdə tutulub”.