“Dəstəmaz almağın Maidə surəsinin 6-cı ayəsində sünnəti və fərzləri yazılıb. Orucu nə vaxt açıb bağlamaq barədə isə Bəqərə surəsinin 183-187-ci ayəsində bildirilir. Qüslda isə bədənin hansı hissəsinin birinci yuyulması fərq etmir. Əsas odur ki, bədənə su dəyir”.
Bunu “Yeni Sabah”a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib. Deyilənlərlə bağlı fərqli qaydaların olduğunu şərh edən ilahiyyatçı bildirir ki, o da hamı kimi namaz qılır:
“Rükətlərlə bağlı isə heç bir məzhəbdə, heç bir yerdə problem yoxdur. Nisa surəsinin 102-ci ayəsində iki rükətlik namazdan da bəhs edilir. Həmin hadisə də nə vaxt olub, niyə ortaya çıxıb və niyə iki rükət qılınması tamamilə başqa məsələdir.
Bütün namazların neçə rükət qılınmasıyla bağlı Qurani-Kərimdə heç bir ayə yoxdur. Məsələn, “Məğrib” namazını 3, “İşa” namazını da 4 rükət qılıram. “İşa” namazının 4 rükət qılınmasıyla bağlı Qurani-Kərimdə bir ayə də yoxdur. Mən bəzi namazları indiyə qədər bu məsələlərdə heç bir mübahisə predmeti olmadan günümüzə olduğu kimi gəlməsinə görə 4 rükət qılıram. İnsanların bu mənada bu məsələyə yanaşmasında heç bir ixtilaf olmayıb. Allah özü bizi bu kitabdan sorğu sual edəcəyi barədə deyir. Başqa bir kitab demir ki...
Belə çıxır ki, haşa (Allah uzaq etsin) ya Allah yalan deyir, ya da (haşa) biz Allahdan daha çox bilirik. Ona görə qərarı biz verməliyik. Kimsə axşam namazını iki rükət qılırsa, mən ona heç nə demərəm və səhv etməsiylə bağlı da etiraz eləmərəm. Mənim üçün əsas məqsəd namazın rükətləri deyil, onun mahiyyətidir.
Bir insan niyə namaz qılır? Quran namazın insanları fühuşatdan, (pozğunluqdan) yəni, çirkinlikdən uzaqlaşdırdığını deyir. Amma kimsə beş rükət qıldığını desə, mən ona da heç nə demərəm. Özünün seçimidir. Mənim üçün o rükət anlayışı patriot deyil. Mənim bu gün bu cür qılmağımda heç bir qəbahət yoxdur”.
Elşad Miri deyir ki, çoxluq belə düşünür deyə, deməli, hər kəsin haqq yolunda olduğunu düşünmək düzgün deyil: “Bu baxımdan yanaşsaq, dünyanın 1.5 milyarddan çox insanı buddaya sitayiş edirlər. Deməli, doğru edirlərmi? Yəni, mənim indiyə qədər bildiyim budur ki, “İşa” namazı 4 rükət qılınır. Bəlkə də yanlış bilirəm, bilmirəm. Ola bilər səhv qılıram. Bəlkə də, iki rükətdir. Mən insanlara həmişə “namazınızı qılın, hansı formada qılmağınızın dəxli yoxdur” deyirəm. Rükət məsələsində də bircə ayə - “Nisa” Surəsinin 102-ci ayəsi var”.
İmamət İSMAYILOVA
Telegram kanalımız