Aktyor, müğənni Sərxan Kərəmoğlu verilişlərdən birində səsləndirdiyi açıqlama ilə müzakirələrə səbəb olub. Sənətçi tez-tez xarici ölkələrdə olduğunu bildirərək vəsiyyət etdiyini, dünyanın harasında vəfat edərsə, cənazəsinin yandırılmasını istədiyini deyib.
Bəzi ölkələrdə geniş yayılan bu dəfn üsulu İslam dinində qəbul edilirmi?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan ilahiyyatçı Fazil Əhmədli bildirib ki, İslam dinində meyitin yuyulması, kəfənlənməsi və dəfn edilməsi müəyyən qaydalara əsaslanır: Sərfəli qiymətə məhsullar
“İslam dinində insan vəfat etdikdən sonra onun cənazəsinə müəyyən qaydada qulluq göstərilməsi mərhumun xatirəsinə və cəsədinə hörmət əlamətidir. Belə ki, müsəlman meyiti 3 mərhələdə yuyulmalıdır. Buna qüsl deyilir. İlk olaraq sidrli su, daha sonra kafurlu su və sonda təmiz su ilə yuyulma həyata keçirilir. Bundan sonra meyit xüsusi qaydada kəfənə bükülür. Kəfənin özünəməxsus hissələri, o cümlədən köynək adlanan bölməsi var. Bütün bu qaydalar dünyasını dəyişən insana hörmətin ifadəsidir.
Müsəlman meyitinin yuyulması, kəfənə bükülməsi və dəfn edilməsi müəyyən dini qaydalara əsaslanır. Dəfn zamanı da riayət edilməli olan bir sıra incə məqamlar var. Məsələn, meyitin qəbirdə qibləyə doğru yerləşdirilməsi və qəbrin müəyyən qaydada hazırlanması İslam dininin tələblərindəndir. Bu baxımdan, meyitin yandırılaraq dəfn edilməsi İslamın müəyyən etdiyi dəfn qaydalarına uyğun deyil”.
İlahiyyatçı vurğulayıb ki, bu dini qaydalar qeyri-müsəlmanlara məcburi xarakter daşımır:
“Qeyri-müsəlmanlar üçün isə bu dini qaydalar məcburi xarakter daşımır. Onlar müsəlman qəbiristanlığında dəfn edilmirlər və İslamın dəfn mərasimi ilə bağlı tələbləri onlara şamil olunmur. Buna görə də müsəlman meyitinin yandırılması dini baxımdan bir növ hörmətsizlik kimi qiymətləndirilir. Təbii ki, kremasiyanın geniş yayıldığı ölkələrdə insanlar bu prosesi adi hal kimi qəbul edə bilərlər. Lakin İslam baxımından yanaşma fərqlidir”.
F.Əhmədlinin sözlərinə görə, insanlar öz yaxınlarının yandırılmasından söhbət gedəndə kremasiyaya münasibətlərini dəyişirlər:
“Mən bu mövzunu müxtəlif verilişlərdə də müzakirə etmişəm. Bir dəfə insanlara ümumi şəkildə sual veriləndə onlar meyitlərin yandırılmasına mənfi yanaşmadıqlarını bildirirlər. Ancaq məsələni şəxsləşdirib onlardan öz yaxınlarının, məsələn, atalarının və ya qardaşlarının cəsədinin yandırılmasına necə münasibət göstərəcəklərini soruşanda cavabları dəyişir. Belə bir sualla qarşılaşan şəxs əvvəlki mövqeyində tərəddüd edir və bununla razılaşmaya biləcəyini deyir. Bu, onu göstərir ki, insanlar məsələyə ümumi yanaşanda bir cür, öz yaxınlarına aid etdikdə isə başqa cür münasibət bildirirlər. Xüsusilə də kremasiya prosesinin görüntülərini izləmək insanlarda fərqli emosional reaksiya yarada bilər. İnsan sadəcə bu barədə eşidəndə başqa cür düşünür, prosesi öz gözü ilə görəndə isə münasibəti dəyişə bilir. Hətta bu görüntüləri izlədikdən sonra bir çoxları öz valideynlərinin və ya digər yaxınlarının bu şəkildə dəfn edilməsini istəmədiklərini bildirirlər”.
O qeyd edib ki, hər kəsin seçiminə hörmətlə yanaşsa da, İslamda meyitin yandırılması qəbul edilmir:
“Əlbəttə, biz insanların fərqli düşüncələrinə və əqidələrinə hörmətlə yanaşırıq. Hər kəsin öz seçimi və dünyagörüşü var. Lakin İslam dinində meyitin yandırılması heç bir halda məqbul hesab edilmir. Bu, müsəlman meyitinə hörmətsizlik kimi qiymətləndirilir. Əgər insan İslam dininə mənsub olmadığını bildirirsə və kremasiyanı öz inancına uyğun seçim hesab edirsə, buna icazə verilən ölkələrdə həmin prosedurdan yararlana bilər. Demokratik ölkələrdə insanların bu seçiminə, bir qayda olaraq, maneə yaradılmır. Ancaq müsəlman cəmiyyətlərində belə bir qərar ciddi ictimai narazılığa səbəb ola bilər. Çünki əhalisinin böyük əksəriyyəti İslam dininə etiqad edən və dini dəfn qaydalarına riayət edən cəmiyyətlərdə bu ənənələrə zidd addım birmənalı qarşılanmır”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız