“Niyə rəsmi Bakı və erməni icması arasında görüş Azərbaycandan kənar yerdə keçirilməlidir?!”
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
O, Azərbaycan hakimiyyəti ilə Qarabağın erməni icması arasında avqustun 1-də Slovakiyanın paytaxtı Bratislavada keçirilməsi planalşdırılan görüşün rəsmi Bakı tərəfindən rədd eilməsini şərh edib:
“Xankəndi və digər ətraf ərazilər Azərbaycanın suveren əraziləridir, orada yaşayan ermənilər də Azərbaycan vətəndaşıdırlar. İcma Azərbaycana reinteqrasiya prosesini keçməlidir. 2 ayrı dövlət deyilik ki, gedib başqa yerdə görüşək.
Azərbaycan hakimiyyəti onları Bakıya dəvət edib. Bildirib ki, gəlin görüşək, nə məsələmiz varsa, burada danışaq, öz aramızda həll edək. Niyə gedib səninlə Bolqarıstanda, yaxud başqa ölkədə görüşməliyəm?!”
S. Hümbətov əlavə edib: “Misal üçün, Moldovanın tərkibində Qaqauz Muxtar Bölgəsi mövcuddur. Məgər Moldova hakimiyyəti Qaqauz rəsmiləri başqa ölkədə görüşməlidir? Bu harada görünüb? Bu torpaqlar dövlətin ayrılmaz parçasıdır. Onlar təxribat yaratmaq istəyirlər ki, ayrıca bir respublika tanıyırıq. Odur ki, qıraqda görüşmək lazım deyil. Zəhmət çəkib Bakıya gəlsinlər”.
Analitik fikrincə, əgər Qarabağ erməniləri təhlükəsizliyə təminat istəyirlərsə, bu, problem deyil:
“Narahatlıqları varsa, orada Türkiyədən, Rusiyadan, yaxud digər ölkələrdən olan nümayəndələr iştirak edə bilər. Əslində, buna da ehtiyac yoxdur, çünki dövlət onlara tam təminat verir.
Fikrimcə, erməni ictimaiyyətinə bu qədər imkan yaratmaq olmaz”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız