“Nikol Paşinyanın rəqiblərinin sülh prosesi və Ermənistanın xarici siyasəti ilə bağlı fərqli mövqeləri var. Onlar öz çıxışlarında və seçki platformalarında bunu tez-tez səsləndirirlər”.
Bu sözləri “Yeni Sabah”a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində şöbə müdiri Mətin Məmmədli deyib.
Onun sözlərinə görə, revanşist qüvvələr hakimiyyətə gələrsə, əldə olunmuş razılaşmaların taleyi də ciddi sual altına düşəcək: Dominos pizza
“Bu baxımdan düşünürəm ki, Ermənistandakı parlament seçkilərinin nəticəsində Paşinyana əks qüvvələr hakimiyyətə gələrsə, nəinki sülh prosesinə, habelə Ermənistan-ABŞ münasibətlərinə də neqativ təsir göstərəcək. Bir məqamı da nəzərə almaq lazımdır ki, həmin siyasi qüvvələrin hansı xarici dövlətin maraqlarına xidmət edir. Onlar hakimiyyətə gələrsə, İrəvan və Vaşinqton arasında xüsusən son günlər əldə olunan razılaşmaların taleyi də ciddi sual altına düşəcək.
Doğrudur, razılaşmalar hökumətlərarası formada əldə olunub. Amma düşünürəm ki, revanşistlər hakimiyyətə gələrsə, bu razılaşmaların həyata keçirilməsi qeyri-mümkün olacaq”.
Qeyd edək ki, iyunun 4-də Ermənistan və ABŞ TRIPP (Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu) üzrə çərçivə sazişi imzalayıblar. Layihəyə əsasən, Ermənistan ABŞ-a marşrutun inkişafı üçün 99 ilə qədər eksklüziv uzunmüddətli hüquqlar verəcək. Eyni zamanda, ABŞ-ın nəzarət payına sahib olduğu bir şirkətin yaradılması planlaşdırılır, Ermənistan isə əsas məsələlər üzrə nəzarət mexanizmlərinə malik olacaq. İlk mərhələdə ABŞ-a 74%, Ermənistana isə 26% pay təklif olunur; saziş uzadılarsa, Ermənistanın payının 49%-ə qədər artırılması mümkün ola bilər.
Xatırladaq ki, Azərbaycanda “Zəngəzur dəhlizi” adı ilə tanınan TRIPP marşrutu işə düşdükdən sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru yolu açılacaq.
Nazim Hacıyev
Telegram kanalımız