Paşinyanın dılğır oğlu nəyimizə lazımdır?..
10 İyn 2021 11:59
6429

Paşinyanın dılğır oğlu nəyimizə lazımdır?..

Paşinyanın özü kimi əqli cəhətdən zəif inkişaf etmiş bir oğlu var. Adı Aşotdur. Ov ovlayıb, quş quşlamasa da, Ermənistanda çox məşhurdur. Ona görə yox ki, qeyri-adi savadı, geniş dünyagörüşü var. Yox, əşşi! Deyilənə görə, iki eşşəyin arpasını da bölə bilmir.

Bu cavan oğlanın məşhurluğu ailəsiylə, daha doğrusu, qəfildən başına şahlıq quşu qonan atasıyla bağlıdır. Paşinyan vətənpərvər olduğunu göstərmək üçün oğlunu o vaxt işğal altında olan Azərbaycan torpaqlarında xidmət etməyə göndərdi. Aşotun əsgərlərimizə güllə atıb-atmadığını bilmirəm. Xarici görünüşünə baxanda onun avtomatı qaldırmaq iqtidarında olmadığı sezilir. Ermənistanın müxalifət mətbuatı iddia edir ki, Aşot əsgərlikdə olanda komandirin otağından çıxmırmış. Qabağına çayı qərargah rəisi gətirirmiş. Yazılanlara inansaq, oğlunun ətə-qana gəlməsi üçün Paşik hər həftə Aşota qoz-fındıq göndərirmiş...

Yəqin yadınızdadır, Aşot əsgərlikdə olanda Paşinyan arabir ona baş çəkir, fotokamera qarşısında poz verirdi. Oğlunun əsgər olmasını özünün piarına çevirmişdi. Aşot yaxşı-pis hərbi xidmətini başa vurub evlərinə qayıtdı. Həmin vaxt sərhəddə dəfələrlə insident olsa da, Aşotun burnu da qanamadı. Çünki öz aləmində vətəni qorumağa gedən bu oğlanı Paşinyandan da yaxşı qoruyurdular.

Müharibə başlayanda Paşinyanın həyat yoldaşı qadınlardan ibarət bölük yaratmışdı. Yayılan şəkillərdən görünür ki, Anna Hokobyan mühafizəçilərin nəzarəti altında ora-bura sürünür, erməni əsgərinin üzünə həsrət qaldığı bahalı hərbi formanı tələf etməkdən çəkinmirdi. Bax, həmin günlərdə guya Qarabağda xidmət edən “igid” Aşot sinəsini qabağa verib demədi ki, ay arvad, get öz işinlə məşğul ol, müharibə sənlik, ümumiyyətlə, ermənilərlik deyil...

Müharibədə burnu ovulandan sonra reytinqi dəfələrlə aşağı düşən, hətta seçkini uduzmaq təhlükəsiylə üzləşən Paşinyan yenə Aşotdan öz piarı üçün istifadə etməyə başlayıb. Nikol deyib ki, erməni diversantların azad olunması müqabilində oğlunu Azərbaycana verməyə hazırdır.

Ay, sən öləsən!

Sənin dılğır oğlun bizim nəyimizə lazımdır?

Sizdən fərqli olaraq, biz günahsız insanlarla haqq-hesab çəkmirik. Əgər belə ədalətlisənsə, bizə əli Azərbaycan xalqının qanına bulaşmış cinayətkarları təhvil ver. Bizə Xocalı cəlladlarını ver. Bizə Sərkisyanı ver...

Və bizə söz ver. Söz ver ki, nəsil-nəcabətinizlə qələt edib bir də burnunuzu Azərbaycan torpaqlarına soxmayacaqsınız...

Seymur VERDİZADƏ

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər