Paşinyanın təxribatçı açıqlamaları davam edir: Qırmızı xətt... 
16 Okt 2020 12:49
34437

Paşinyanın təxribatçı açıqlamaları davam edir: Qırmızı xətt... 

Bir tərəfdən Dağlıq Qarabağda döyüşlərin dayandırılması üçün dünya liderlərini bezdirən Ermənistanın Baş naziri Nikol Paşinyan digər tərəfdən avantürist açıqlamalar verməkdə davam edir. 

Yenisabah.az xəbər verir ki, Paşinyan növbəti dəfə bəyan edib ki, Dağlıq Qarabağ ermənilərinin öz müqəddaratını təyin etmə hüququ İrəvan üçün qırmız xəttdir. “Ermənistan bundan imtina edə bilməz”, - deyə o əlavə edib.

Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Paşinyan isə “öz müqəddaratını təyin etmə hüququ” dedikdə faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır. Onun bundan əvvəlki açıqlamaları da göstərir ki, burada söhbət heç də Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində status verilməsindən getmir. Hər halda “Qarabağ Ermənistandır, nöqtə” bəyanatını verən və yeni eskalasiyanın davam etdiyi dövrdə bu fikrinin bir neçə dəfə təkrarlayan Paşinyan olub.

Baş nazirin bu açıqlaması münaqişənin sülh yolu ilə həllindən imtina kimi də qiymətləndirilə bilər. Nəzərə alsaq ki, baza prinsiplərində Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı saxlanılır.

Oktyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvadakı görüşündə sülh danışıqlarının mövcud formatda və baza prinsipləri əsasında  davam etdirilməsi barədə razılığa gəlinib. Paşinyan “Ria Novosti”yə açıqlamasında razılaşmaya sadiq olduqlarını iddia edir. Amma yuxarıdakı fikirləri faktiki olaraq razılaşmanın pozulmasıdır. Biz hələ “Moskva görüşü”ndən 3 gün sonra Gəncənin bombalanmasını, dünən isə Tərtərdə qəbirstanlığın atəşə tutulmasını demirik. Birinci hərbi cinayət nəticəsində 9 mülki vətəndaş həlak olub, 30 nəfər yaralanıb. İkincidə isə 4 nəfər mülki vətəndaş həyatını itirib.  

Paşinyanın təxribatçı açıqlamaları və yalanları bununla bitmir. Erməni Baş nazir növbəti dəfə iddia edib ki, Türkiyə Suriyadan muzdlu döyüşçülər və terroçu qrupları gətirərək Qarabağa yerləşdirib. Bu iddia eskalasiyanın başlandığı ilk gündən ortaya atılıb. Lakin hələ də İrəvan buna dair sübutları ortaya qoymayıb. Əksinə, Azərbaycan tərəfi isbat edib ki, Ermənistan qanunsuz məskunlaşdırma siyasəti çərçivəsində Dağlıq Qarabağ və işğal altında olan ətraf rayonlara Livan və digər Yaxın Şərq ölkələrindən muzdlu döyüşçülər və terrorçu qrupları yerləşdirib. Buya dair çoxsaylı foto və video faktlar var. Özü də həmin faktların əhəmiyyətli hissəsi sosial şəbəkələrin erməni seqmentində tirajlanıb.  

Paşinyan sonda münaqişənin uzlaşma yolu ilə həll ediləcəyinə ümidvar olduğunu bildirib. "Dağlıq Qarabağ münaqişəsinin nəhayət həll olunmasını istərdim. Güzəşt əsasında. Bütün tərəflər - Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan üçün məqbul olacaq bir həll tapmağımızı istəyirik və  bu son həll olacaq", - deyə Baş naziri qeyd edib. Göründüyü kimi o, hətta bu halda da Dağlıq Qarabağı tərəf kimi təqdim edib və “uzlaşma məsələsi”ndə səmimi olmadığını ortaya qoyub.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər