“Proyekt 2602” layihəsinin rəhbəri ARKA-dan narazıdır

“Proyekt 2602” layihəsinin rəhbəri ARKA-dan narazıdır

Mədəniyyət Veb saytların hazırlanması

04 Dekabr 2023 19:40 2459


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən bu ilin 18 iyul tarixində elan olunmuş film layihələri müsabiqəsinin nəticələri məlum olub. Nəticələr elan edildikdən sonra əksər iştirakçılar müsabiqənin birinci və ikinci mərhələsində ARKA tərəfindən elan edilən qaydaların və prinsiplərin pozulmasından, pitçinq mərhələsində ədalətsizliyə yolverilməsindən narazılıq edir.

Yenisabah.az xəbər verir ki, narazılar arasında rejissor Rafiq Hacıyev də var. Rafiq Hacıyev bildirir ki, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən bu ilin 18 iyul tarixində elan olunmuş film layihələri müsabiqəsinə təqdim etdiyi “Proyekt 2602” layihəsinin ssenarisi, tanınmış Amerika kinoşirkəti “Metro Goldwyn Mayer”, Oscara namizəd olan rejissor-ssenarist Henry Hughes və digər xarici mütəxəssislər tərəfindən müsbət rəy alıb. Filmin prodüsserliyini Hollivudun peşəkar prodüsserlərindən biri, Amerika rejissorlar və prodüsserlər gildayaların üzvü Raul Celaya öz üzərinə götürüb.

“Layihəmizin bütün üstün tərəflərinə baxmayaraq Azərbaycan Respublikası Kino Agentliyinin müəyyənləşdirdiyi seçim komissiyası müsabiqənin gedişatında ssenarini oxumayıb. Pitçinq mərhələsindəki münasibətdən hiss olunurdu ki, jüri ssenaridən xəbərsizdir, filmə aid olmayan məsələlərdən danışırlar. Eyni zamanda mənə layihəmi ətraflı təqdim etməyə və müdafiə etməyə imkan vermədilər. Pitçinqdə “Proyekt 2602”dən başqa bütün məsələlərdən sual verdilər, layihənin mahiyyəti və aktuallığı tamamilə kənarda qaldı. Nəticələr elan olunanda isə aydın oldu ki, pitçinqdə mənə və digər layihə müəlliflərinə laqeyd münasibətin səbəbi var. Ekspertlər öncədən onlara tapşırılan layihələrə şans verdilər və müsabiqənin obyektivliyini pozdular. Bu cür münasibət rejissor kimi məni qane etmir, nəticələri qəbul etmirəm. Nəticələrlə bağlı Apelyasiya şikayəti verməyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirinə müraciət etməyi düşünürəm. Pozulmuş hüquqlarımın bərpası üçün sonacan mübarizə aparmağı, haqqımı müdafiə etməyi düşünürəm.”

Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən bu ilin 18 iyul tarixində elan olunmuş film layihələri müsabiqəsinə ötən ay yekun vurulub. Mübahisə doğuran nəticələrə əsasən ARKA dövlət sifarişi, kommersiya və sənət filmi istiqamətlərində 11 və tələbə filmi üzrə 16 layihəyə dəstək veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!