Qarabağda nə baş verir? – Səfirlər qondarma respublikaya toplaşdı
02 Sen 2019 11:52
989

Qarabağda nə baş verir? – Səfirlər qondarma respublikaya toplaşdı

Ermənistanın xarici ölkələrdəki səfirləri Dağlıq Qarabağa qanunsuz səfər edib. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə separatçı nəşrlərin yaydığı məlumata görə, Ermənistanın Xarici İşlər nazirinin müavini Şavarş Köçaryanın başçılıq etdiyi diplomatik nümayəndə heyəti təmas xəttinin şimal hissəsində qanunsuz dislokasiya olunmuş hərbi hissələrdən birinə baş çəkib və işğalçı hərbçilərlə görüş keçiriblər.

Deputat Elman Nəsirov “Yeni Sabah” açıqlamasında bildirib ki, bu addımlar Ermənistanın Baş naziri Nikol Paşinyanın mövqelərini gücləndirmək üçün düşünülüb. “Dağlıq Qarabağla bağlı münaqişəsinin tənzimlınməsi prosesi sözün əsl mənasında dalana dirənib. Paşinyan çox radikal mövqe sərgiləyir. Onun son bəyanatları siyasi avantüradan başqa bir şey deyil. 

Xüsusilə də onun bu bəyanatları qarşıdan gələn ÇMT Baş Məclisinin növbəti sessiyasında Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri arasında görüş keçirilməsi ideyasına ziddir.

Ümumiyyətlə, belə görüşlərə hazırlaşan tərəf heç zaman məsuliyyətsiz və avantürist bəyanatlar verməməlidir. Amma biz bunun əksinin şahidi oluruq”.

Elman Nəsirov əlavə edib ki,  Ermanistanda və qondarma rejimdə Paşinyanın kifayət qədər əleyhdarları var. Ermənistanın Baş naziri hər zaman onlardan təhlükə gözləyir. Ona görə də, Dağlıq Qarabağ klanından gözlənilən təhlükəni məsuliyyətsiz addımları ilə  neytrallaşdırmaq istəyir: 

“Paşinyanın ölkə daxilində reytinqi son dərəcə aşağı düşüb. Digər tərəfdən 2020-ci ildə qondarma rejimdə seçkilər keçiirləcək. Paşinyanın çox yaxşı dərk edir ki, Dağlıq Qarabağ klanının bir hissəsini öz tərəfinə çəkə biləcəyi halda mövqeləri güclənəcək. Ona görə tez-tez ora qanunsuz səfərlər edir, eyni zamanda səfərlər təşkil edir. Ermənistanın xarici ölkələrdəki səfirlərin Dağlıq Qarabağa qanunsuz səfəri bu qəbildəndir.

Yeri gəlmişkən, Paşinyan xarici siyasət sahəsində də uğursuzluqlarla üz-üzədir. Bunu özü də səfirlərlə görüşəndə onları tənqid atəşinə tutmaqla etiraf etmiş oldu.

Paşinyan diplomatik korpusun nümayəndələrinə açıq şəkildə bildirdi ki, ölkəyə xarici investisiya cəlb edə, ölkənin iqtisadi inkişafı ilə bağlı sənədlərin imzalanması üçün zəmin yarada bilmirsiniz.  Ermənistanın Amerikadakı səfirini isə ABŞ prezidenti Donald Tramp və dövlət katibi Pompeylə onun görüşünü təşkil edə bilməməsinə görə tənqid etdi. İndi o xilasını Dağlıq Qarabağla bağlı məsuliyyətsiz və avatürist addımlarında görür”.

Elman Nəsirov bildirib ki, Paşinyanın bu addımları konyuktur xarakter daşısa da, Azərbaycan bunu cavabsız qoymur.

“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev milli maraqlara söykənən xarici siyasət kursu həyata keçirir. Bu siyasətin əsas əlamətləri çeviklik və hücum taktikasına üstünlük verilməsidir. Azərbaycan Xarici İşlər Nazirliyi və müvafiq qurumlar da ciddi fəaliyyət göstəririlər. Bu tip hadisələrdə ATƏT-in Minsk Qrupu hər zaman məlumatlandırılır. BMT-nin  baş katibliyinə müraciətlər olunur. 

BMT-nin Azərbaycandakı daimi nümayəndəliyi ilə ciddi işlər görülür. Paralel şəkildə Azərbaycanın silahlı qüvvələrinin hərbi təlimləri intensiv xarakter daşıyır. Qardaş Türkiyə ilə birgə planlar var və bu planlar reallaşmaqdadır . Elə işlər var ki, onlar ictimailəşdirilmir, reklam edilmir”,- deyə deputat vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər