Qondarma rejimin bəzi dairələri hazırda bölgədə təhlükəli daxili siyasi proseslərin getməsindən narahatdırlar ki, bu da onlar üçün ölümcül ola bilər.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri xatırladıb ki, dünən tanınmamış “DQR”in “dövlət naziri” Qurgen Nersisyanın rəhbərliyi ilə Xankəndidə Rusiya sülhməramlılarına qarşı mitinq-yürüş keçirilib:
“İclasın əsas tələbi “Artsax”ın (Qarabağın) blokadasının (?) götürülməsi olub. Etirazların ünvanlandığı tərəf isə Rusiya sülhməramlıları olub. Mitinqin iştirakçıları yaradılmış vəziyyətdən obyektiv narazı olan və heç bir siyasi cərəyana aid olmayan “Artsax xalqı” olub, lakin mitinqin təşəbbüskarları “Artsax”ın anti-Rusiya dairəsidir. Daha doğrusu, Ermənistan hökumətinin idarə etdiyi siyasi və QHT qruplar. Təsadüfi deyil ki, mitinqdəki çıxışlardakı vurğu Baş nazir Nikol Paşinyanın və hakim “Vətəndaş müqaviləsi” partiyası üzvlərinin çıxışlarından fərqlənmirdi. Aksiya iştirakçıları bildirirdilər ki, bu vəziyyətə görə yalnız ruslar məsuliyyət daşıyır”.
Qəzet yazır ki, ötən həftələrdə sülhməramlıların lideri general-polkovnik Aleksandr Lentsov ilə görüşdən narazı qalan siyasi fəallar – Tiqran Petrosyan və Artur Osipyan etiraz aksiyası keçirəcəklərini bildirmişdi:
“Günlər sonra onlar “dövlət naziri” ilə görüşdülər, “nazir” onları 2 gün gözləməyə çağırdı. Dünən isə hamı bir yerdə, o cümlədən “Artsax prezidenti” də mitinq keçirib. Onu da xatırladaq ki, Lentsov sözügedən görüşdə bildirib ki, Paşinyan “Artsax”ın Azərbaycan əraziləri olduğunu təsdiqləyib”.
Qeyd edək ki, separatçı rejimin “müxalifət”i mitinqdə iştirak etməyib. Qəzetin Qarabağdakı mənbələri yazır ki, “müxalif dairələr” sülhməramlılarla isti münasibətləri olan Vitali Balasanyanın anti-Rusiya əhval-ruhiyyəsi fonunda həbs olunduğuna şübhə etmirlər. Bildirək ki, ona qarşı açılan cinayət işinin əsasını 74 milyon kreditin məqsədsiz istifadə etməsi təşkil edir.
Telegram kanalımız