Qatarların öldürdüyü adamlar: Günah kimdədir?

saytların hazırlanması

Evə çatdırılma

Qatarların öldürdüyü adamlar: Günah kimdədir?

Sosial

12 Dekabr 2023 18:33 2206


Cari ilin ilk 6 ayı ərzində piyadaların qatar yoluna qəfil çıxması səbəbindən dəmir yollarında 7 hadisə baş verib. Həmin hadisələrdə 4 nəfər həyatını itirib, 3 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. 

Son hadisə isə 3 gün əvvəl baş verib. Sumqayıt-Bakı elektrik qatarı 2002-ci il təvəllüdlü Əmralı Hacıağazadəni vurub. Hadisə nəticəsində sözügedən şəxs həlak olub.

Bəs bu kimi qəzaların baş verməsinə səbəb nədir? “Azərbaycan Dəmir Yolları”nın insan ölümü ilə nəticələnən hadisələrin baş verməməsi üçün hansı tədbirləri görür və ya görməlidir?  Dominos pizza

Qurumun mətbuat katibliyi şöbəsinin rəisi Sənubər Nəzərova “Yeni Sabah”a açıqlamasında deyib ki, bu kimi hallarda birmənalı olaraq piyadalar məsuliyyət daşıyır:

“İnsanlar yollarını qısaltmaq üçün piyadalar üçün müəyyən olunmuş yol və keçidlərdən deyil qadağan olunmuş yerlərdən keçirlər. Nəticədə öz həyatlarını üçün ciddi təhlükəyə atırlar. 

Dəmiryolu kritik təhlükəli zona olduğundan hərəkət iştirakçıları yol hərəkəti haqqında qanunun tələblərinə ciddi riayət etməlidirlər. Çünkü qatarın öz yolu var və maşinistlər onlara verilmiş təlimata əsasən yük və sərnişinləri mənzil başına təhlükəsiz və vaxtında çatdırmalıdırlar. 

Hərəkət iştirakçılarının qaydaları pozması nəticəsində maşinistlər təcili tormozlama aparmalı olur, bu da öz növbəsində yüklərin aşmasına və sərnişinlərin həyatına ciddi təhlükə yaradır, qatarlar qrafikdən çıxır və gecikir”.

Nəqliyyat eksperti Elməddin Muradlı isə bildirir ki, hər dəfə bu barədə insanlara çağırış edilir, müxtəlif təlimatlar verilir ki, qaydalara əməl etmək lazımdır:

“Ancaq təəssüflər olsun ki, bir çox hallarda qaydalara əməl olunmur və nəticəsi çox ağır olur. Dəmiryolu xətti digər nəqliyyat yollarından fərqlənir. Çünki qatar yoldan çıxa bilmir, səkidə dayana bilmir. Bu səbəbdən bu nəqliyyat vasitəsi adam vurursa, burada günah və məsuliyyət birbaşa həmin şəxsdə olur. O boyda qatarın yaxınlaşdığını hiss edib, görmürlər, heç baxmırlar da... 

Elə adamlar var ki, qulaqcıq taxıb, musiqi dinləyə-dinləyə dəmiryolundan keçir. Ya da bəziləri qatar yaxınlaşdığı vaxtda selfi, video çəkir. Bu kimi cəhdlər çox vaxt faciə ilə nəticələnir. Bütün piyadalar istənilən yoldan istifadə zamanı diqqətli olmalıdırlar. Dəmiryolundan keçəndə də nəzərdə tutulan yerlərdən istifadə etmək daha təhlükəsizdir. Sadəcə əksər insanlar məsuliyyətsiz olduğundan getdiyi məsafənin qısa olmasını istəyir. 

Bir çox ölkələrdə insanların dəmiryoluna birbaşa keçməsini əngəlləmək üçün dəmir torlar çəkilir, həmin ərazi hasarlanır. Amma şüurlu insanlara başa düşə biləcəyi bir qaydanı dəmirlə, çəpərlə izah etmək biabırçılıqdır. İnsanlar öz təhlükəsizliklərinə bu qədərmi laqeyddirlər ki, onlara belə bir əngəl tətbiq edilsin? Hər dəmiryolunun təhlükəli zona olduğunu dərk etməlidir”.

Mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev də “Yeni Sabah”a öz fikirlərini bildirib. Onun sözlərinə görə, burada piyadaların məsuliyyəti ön planda olmalıdır:

“Demək olar ki, dünyanın bütün ölkələrində oxşar hadisələr baş verir. Bütün piyadalar bu mövzuda özlərində məsuliyyət hiss etməlidirlər. Həm praktiki, həm də fiziki olaraq, yüz kilometrlərlə olan qatar xəttini hasarlamaq qeyri-mümkündür. Burada ön planda və əsas olan piyadaların məsuliyyətidir. 

Dəmiryolu ərazisindən keçərkən mütləq şəkildə əməl edilməli qaydalar var. İlk növbədə burada olan piyada keçidlərindən istifadə etmək çox vacib məqamdır. 

Daha sonra hava şəraitinə nəzər salmaq lazımdır. Yüksək gərginlikli elektrik xətlərinə də diqqət etmək önəmlidir. Piyada dəmiryolundan keçərkən baş verə biləcək təhlükələri nəzərə almalıdır. Heç kəs düşünməsin ki, qatar onu gördükdə dayana, yaxud tormozlaya bilər. Qəzanın baş vermə ehtimalını hesaba qatmadan qatar xəttindən istifadə etmək çox bəsit yanaşmadır”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!