“Azərbaycan Prezidentinin Bişkek səfəri həm Qırğızıstan-Azərbaycan münasibətləri kontekstində, həm də Şanxay Əməkdaşlıq Təşkilatının sammiti baxımından olduqca əhəmiyyətlidir”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu dövlət başçısının Qırğız Respublikasına işgüzar səfərini şərh edərkən deyib. O bildirib ki, Qırğızıstan Türk Dövlətləri Təşkilatının üzvü olan ən strateji ölkələrdən biridir:
“Qırğızıstan bizim Türk Dövlətləri Təşkilatı üzrə əməkdaşlıq etdiyimiz və Türk Dövlətləri Təşkilatının üzvü olan ən strateji ölkələrdən biridir. Onun strateji əhəmiyyətini yerləşdiyi coğrafiya təyin edir. Yəni bu gün Böyük İpək Yolunun Orta Dəhliz üzərində Çindən gələn yol elə Qırğızıstandan başlayır. Həm sərhəd ölkə kimi bu gün Çin və Qırğızıstan arasında kommunikasiyalar genişləndirilir, yeni imkanlar yaradılır və nəhayət, Qırğızıstandan Özbəkistana yeni dəmir yolu xətti çəkilir ki, bu da özlüyündə yüklərin daşınması üçün və şaxələnmiş kommunikasiya xətləri üzrə daşınması üçün mühüm imkanlar yaradır. pizza
Özbəkistan, Türkmənistan, Azərbaycan üzrə isə Orta Dəhlizin ayrıca bir xətti inkişaf edəcəkdir ki, Azərbaycan Prezidentinin bir neçə gün bundan öncə qardaş Özbəkistana səfəri zamanı da bu məsələlər müzakirə olundu və Transxəzər marşrutu ilə qardaş Özbəkistan üçün ayrıca bir bərənin inşası məsələsi də müzakirə edildi. Göründüyü kimi, əlbəttə ki, bütün bunlar gələcək inkişaf və gələcək potensial baxımından Qırğızıstanın əhəmiyyətini artırmış olur.
Ayrıca bir məsələ Qırğızıstan və Azərbaycan arasında ikitərəfli münasibətlərin artıq layihələrlə dəstəklənməsidir. Azərbaycan Prezidentinin bir qədər əvvəl Qırğızıstana səfəri zamanı Azərbaycanın dövlət yatırımları nəticəsində inşa edilmiş otelin açılışı oldu. Qırğızıstan-Azərbaycan İnvestisiya Fondu 200 milyon dollar və ya daha çox müəyyənləşdirildi və bu o deməkdir ki, bundan sonra da ortaq layihələr davam edəcəkdir. Ona görə, əlbəttə ki, Azərbaycan Prezidentinin Bişkek səfəri bir də bu kontekstdə aktualdır”.
Parlament üzvü əlavə edib ki, Şanxay Əməkdaşlıq Təşkilatı özlüyündə Qlobal Cənub və Avropa arasında yeni əməkdaşlıq platforması yaradan mühüm bir təşkilatdır:
“Şübhəsiz ki, Özbəkistan Azərbaycanla həmsərhəd ölkə deyil, amma Oş vilayəti vasitəsilə Qırğızıstanla həmsərhəd ölkədir. Yəni Qırğızıstanın Oş vilayəti Qırğızıstanın Özbəkistana açılan qapısıdır. Ürgənc isə tarixi-coğrafi olaraq Türkmənistanı və Özbəkistanı birləşdirən coğrafiyadır. Dolayısı ilə, biz artıq coğrafi əksikliyi kommunikasiyalar vasitəsilə doldurmaqla Qırğızıstan–Özbəkistan–Türkmənistan–Azərbaycan xətti yaradırıq. Bu həm mədəniyyət xəttidir, həm dostluq və qardaşlıq xəttidir, həm də iqtisadi inkişaf xəttidir.
Azərbaycan Prezidentinin Bişkek səfəri zamanı həm də Azərbaycan Prezidenti dialoq tərəfdaşı kimi Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak edəcəkdir. Şanxay Əməkdaşlıq Təşkilatı özlüyündə Qlobal Cənub və Avropa arasında yeni əməkdaşlıq platforması yaradan mühüm bir təşkilatdır. Amma yenə də Qlobal Cənubdan Avropaya uzanan yol Azərbaycan üzərindən keçir. Ona görə də Azərbaycanın bu təşkilatla tərəfdaşlığı, əməkdaşlığı da yüksək səviyyədədir və düşünürəm ki, bundan sonra da bu münasibətlər dinamik şəkildə inkişaf edəcək”.
Nazim Hacıyev
Telegram kanalımız