Qüdrət Həsənquliyev mağar toyunda meyxana deyən olsaydı...
24 Sen 2020 17:50
2163

Qüdrət Həsənquliyev mağar toyunda meyxana deyən olsaydı...

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev bir neçə gündür ki, sosial şəbəkələrdə ictimai-siyasi fəalların tənqidləri ilə üz-üzədir. 

Yenisabah.az xatırladır ki, deputatın tənqid hədəfinə gəlməsi Qarabağ mövzusunda danışarkən “Azərbaycan əsgərləri Paşinyanın arvadını əsir götürmək üçün səbrsizliklə gözləyir” fikri ilə bağlıdır. 

Qüdrət Həsənquliyevin bu sözləri hansı ruhi-pisxoloji durumda olarkən dediyini söyləmək çətindir. Bəlkə deputat Ermənistanın təxribatlarına qəzəblənib, bəlkə düşünüb ki, bu cür fikirlər səsləndirməklə daha çox vətənpərvər görünə bilər. Amma istənilən halda Azərbaycan parlamentini təmsil edən bir şəxsin bu cür aşağı səviyyəli yanaşma sərgiləməsi haqlı olaraq etiraz doğurub. 

Sosial şəbəkələrdə başlanan tənqid dalğası rəsmi şəxsləri də hərəkətə gətirib. Deputatın məlum fikrinə ilk rəsmi reaksiya Prezidentin köməkçisi Hikmət Hacıyevdən gəlib. O, Qüdrət Həsənquliyevin sözlərini “dövlətə və orduya ləkə yaxa biləcək təxribatçı açıqlama” kimi dəyərləndirib. “Qüdrət Həsənquliyev təcrübəli siyasətçidir. Uzun illərdir Milli Məclisin üzvüdür. Hər kəs orduya və dövlətə ləkə yaxa biləcək təxribatçı açıqlamalardan çəkinməlidir”, - deyə o bildirib. Ardınca əlavə edib ki, Qüdrət Həsənquliyev məmur olsaydı, Prezident onu cəzalandıraraq vəzifəsindən azad edərdi. Hikmət Hacıyevin sərt reaksiyası deputatın məlum fikrinin hakimiyyətin zirvəsində də xoş qarşılanmadığnı göstərir. 

Müdafiə Nazirliyi də Qüdrət Həsənquliyevin yersiz ifadələrinə münaisbət bildirmək məcburiyyətində qalıb. “Bu cür fikirlərin səsləndirilməsi xalqımızın milli adət-ənənələri, xüsusiyyətləri və mənəvi dəyərlərinə, xüsusilə Azərbaycan əsgərinin döyüş əzmi və nizam-intizamına, ümumilikdə hərbi qanunlara ziddir”, - deyə nazirliyin açıqlamasında qeyd olunub.

Qüdrət Həsənquliyev mağar toyunda aşağı səviyyəli meyxana deyən deyil. O 17 ildir Milli Məclisdə təmsil olunur. BAXCP sədri kimi prezident seçkilərində iştirak edib. Amma deyəsən, fərqində deyil ki, bu yersiz fikri ilə həm Azərbaycan Ordusunu, həm də dövləti hədəfə gətirib.

Azərbaycan uzun illərdir dünyaya erməni vəhşiliyi ilə bağlı faktlar təqdim edir. Erməni hərbçilərinin xüsusilə qadınlara, uşaqlara və qocalara qarşı törətdiyi qeyri-insani hərəkətlərini arqument kimi irəli sürərək onların Azərbaycana qarşı apardığı propaqandanı zəzərsizləşdirməyə, beynəlxalq aləmdə azərbaycanlıların deyil, ermənilərin birgə yaşayış qaydalarından uzaq etnos olduğunu isbat etməyə çalışır. Bu, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vacib detaldır. 

Deputatın fikrinə rəsmi səviyyədə sərt təpki gəlməsi ermənilərin bu sözləri əlində dəstəvuz edərək beynəxalq aləmdə azərbaycanlılar haqqında mənfi rəy yaratmaq üçün hərəkətə keçə bilmək narahatlığından irəli gəlir. Qarabağ mövzusunun gündəmdə olduğu və beynəlxalq aləmin baş verənləri diqqətlə izlədiyi bir vaxtda belə fikirlər səsləndirməklə bütövlükdə dövləti çətin vəziyyətə qoyan Qüdrət Həsənquliyev də bütün bunları bilməmiş deyil. 

O zaman nədən Azərbaycanı çətin vəziyyətdə qoyan fikirlər səsləndirir? Məgər bu fikri ilə ermənilərin əlinə oynadığının fərqinə varmırmı? Bu suallar açıq qalır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər