Bizim toplum o qədər yaradıcıdır ki... “İlanın ağzından diri çıxmaq” ifadəsi bəlkə də buna görə yaranıb. Biz daşdan pul çıxaran istedadlı adamlara sahibik. İçimizdə belələri minlərlədir. Sadəcə bu istedadı, enerjini nümayiş etdirmək üçün şərait və imkan yoxdur. Bu enerjini pozitiv yöndə istifadə edə bilmirik. Ona görə də məcbur qalıb bu ilahi vergidən fırıldaq, dələduzluq üçün istifadə etməli oluruq.
Bu qoçaq, yaradıcı can-ciyərlərimizdən biri AMEA-nın nə az, nə çox düz 470 alimini, elm adamını aldadıb. Əlvan Cəfərov adlı şəxs onların hərəsindən 70 manat pul alıb ki, sizi Şuşaya elmi konfransa aparacam. Axırda da onların cəmi 100-nü bu tədbirə aparıb. Qalanı ixtisara salınıb...
İndi sual edirəm, onların hansı daha yaradıcıdır: alimlərmi, yoxsa kim olduğunu bilmədiyimiz Əlvan Cəfərovmu? Əlvanı məsuliyyətə cəlb etmək yox, məncə AMEA-ya işə götürmək lazımdır ki, təxəyyülünü daha yaradıcı işlərə sərf etsin. Özü də normal maaşla ki, heç kimi aldadıb “pul atmaq” ehtiyacı olmasın. pizza mizza
Bu birinci hal deyil. Xeyli əvvəl bir məktəbin kollektivindən Şuşaya səfər adı ilə pul yığıldığı və sonradan pul yığan adamların yoxa çıxdığı haqda xəbər yayılmışdı. Bunlar sadəcə ictimailəşən hadisələrdir. İnanıram ki, oxşar olaylar gözəl məmləkətimizdə çox baş verib. Niyə?
Şuşa elə bir mövzudur ki, hər kəsin həssas nöqtəsidir. Şuşa adı ilə Azərbaycanda istənilən adamı aldatmaq olar. Bu müqəddəs məkan 2 ildir düşməndən azad olunub. Amma hələ də Şuşaya gedib-gəlmək mümkün deyil. Qadağa qoyulub. Mina təhlükəsi də yoxdur. Rəsmən elan olunub ki, Şuşa ərazisi minalardan tam təmizlənib. O zaman, Azərbaycanın bir parçası olan şəhərə getmək hansı qanunlarla qadağan oluna bilər ki? Bu qadağa vətəndaşların Konstitusiya ilə təsbit olunmuş ölkə ərazisində sərbəst hərəkət etmək azadlığına zidd deyilmi? Fövqəladə vəziyyət varmı? Vətəndaşların səyahət hüquqlarının məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulan hansı hadisə baş verib ki, coğrafiyamız, xəritəmiz hüdudlarında olan bir zonaya gedə bilmirik? Axı eyni adamların hər həftə Şuşadan boylanması insanlarda istər-istəməz qıcıq yaradır. Və bu insanların alternativ yollardan istifadə etməsinə səbəb olur ki, nəticədə də onları əksər hallarda minalar qarşılayır.
Yəni deməyim odur ki, nə qədər ki, Şuşaya gediş-gəliş sərbəst olmayıb, bu kimi fırıldaqlar da baş verəcək. İnsanların həssaslığından istifadə edib onların pullarını əllərindən alacaqlar.
Şuşa azad şəhərdir. Azərbaycan dövlətinin idarəçiliyindədir. Onu dələduzluq mövzusuna çevirmək bizə utanc gətirir. Təbii ki, burda söhbət utanmaq hissi olanlardan gedir...
Elnur Məmmədli
Telegram kanalımız