Torpaq sahəsi olmayan vətəndaşlara niyə imtina mesajı gəlir? -  RƏSMİ AÇIQLAMA + VİDEO
26 Apr 2020 22:15
1019

Torpaq sahəsi olmayan vətəndaşlara niyə imtina mesajı gəlir? - RƏSMİ AÇIQLAMA + VİDEO

Koronavirus pandemiyasından zərər çəkən və hazırda işsiz kimi evdə oturan Göygöl sakininə 190 manatın verilməsindən imtina edilib. Buna səbəb onun adına kənd təsərrüfatı təyinatlı torpağın olması göstərilib. Ancaq Abbasov Dəyanət Arif oğlu bu məzmunlu imtina mesajı ilə razılaşmır. İddia edir ki, onun adında indiyə qədər torpaq mülkiyyəti olmayıb.

Yenisabah.az xəbər verir ki, 7 ay əvvəl mülkiyyətində olan torpağı satan Ağdaş rayon, Hüşün kənd sakininə də eyni məzmunlu imtina mesajı gəlib. Halbuki, İsmayılov Sakit Xalis oğlu adına olan sonuncu torpaq mülkiyyətini regional "ASAN Xidmət”də alqı-satqı əməliyyatı aparmaqla satıb.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib ki, hər bir müraciət fərdi qaydada araşdırılır. Həmin şəxslərin adında kənd təsərrüfatı təyinatlı torpaqları olduğu üçün onlara imtina mesajı göndərilib. Əks halda belə bir mesaj göndərilmir.

Əmlak Məsələləri Dövlət Xidmətinin sözçüsü Qulu Xəlilov isə ehtimal edir ki, İsmayılov Sakit Xalis oğlu torpağı satdığı adam adına çıxarış almayıb. Alqı-satqı olan zamanı torpağı alan şəxs çıxarış almadıqda, həmin mülkiyyət sistemdə birinci sahibinin adında qalır. Bütün hallarda hər iki vətəndaş məsələnin araşdırılması üçün Əmlak Xidmətinin yerli bölmələrinə, o cümlədən Bakıdakı Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Əgər həqiqətən onların mülkiyyətində təsərrüfat təyinatlı torpağın olmadığı təsdiqlənsə, onlar 190 manatlıq birdəfəlik yardımı almaq üçün verilən sənəd əsasında yenidən müraciət edə bilərlər.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:

Oxşar xəbərlər