“Üçtərəfli bəyanatı tormozlamağa çalışanlar var” - Rusiyalı ekspert
27 Noy 2020 17:11
742

“Üçtərəfli bəyanatı tormozlamağa çalışanlar var” - Rusiyalı ekspert

“Üçtərəfli bəyanat uzun sürən Dağlıq Qarabağ münaqişəsinin sülh nizamlanmasının özülüdür. Razılaşmada Paşinyanın imzası durur. Onun simasında faktiki olaraq Ermənistan Azərbaycanın şərtləri altında kapitulyasiyaya gedib və hərbi əməliyyatları dayandırmağa razılaşıb. Bilirik ki, işğal altındakı Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələri çıxardılır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunur”.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.

O qeyd edib ki, İrəvanda bu bəyanatın qüvvədən düşməsinə və ya yenidən baxılmasına çağırışlar olub:

“Burada bir sıra xarici oyunçuların, xüsusi ilə Fransa və ABŞ-ın aktiv təsiri böyükdür. Bununla əlaqədar, Rusiya müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyətinin İrəvana səfərini xatırlatmaq istəyirəm. Bu səfər zamanı rəsmi Moskvanın mesajı bir daha Ermənistan tərəfinə çatdırılıb. Bildirilib ki, Ermənistan üçtərəfli bəyanatdan irəli gələn üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirməlidir. Bundan başqa, Rusiya Prezidenti Vladimir Putin müsahibələrində, məlum razılaşma ilə bağlı çıxışında bəyanatın icra olunmasının vacibliyini vurğulayıb və bəyan edib ki, Ermənistan tərəfindən razılaşmadan imtina edilməsi fəlakətə səbəb olacaq. Buna əlavə ediləcək bir şey yoxdur. Lakin bununla belə, biz Fransa Senatında çirkin təlaşın olduğunu, siyasi rüşvətxorluğun qapalı olmayan tərəfini müşahidə edirik. Erməni lobbisi Azərbaycana qarşı bu çirkin oyunda iştirak etmək üçün Fransa siyasətçilərinin bir qismini ələ alıb”.

Ekspert deyib ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınmasından heç bir söhbət gedə bilməz:

“Fransa Minsk qrupunun həmsədr ölkəsi kimi açıq-aydın erməni marağını təbliğ edə bilməz. Fransa hadisələrə erməni eynəyindən baxmamalıdır. Lakin biz burada faktiki olaraq prezident Makronun, Avropa və Fransanın hörmətli siyasətçisinin İrəvanın təsirində olan agent kimi çıxış etdiyini görürük. Bütün bunlar böyük təəssüf doğurur. Amerika isə bu dəqiqə regiondakı vəziyyətin hayında deyil. Buna baxmayaraq, getməkdə olan ABŞ-n prezident administrasiyası tərəfindən Amerika-erməni lobbisinin oyunlarını, dövlət katibi Pompeonun qeyri-konstruktiv bəyanatını gördük. Baydenin də aktiv erməni lobbiçisi olduğunu bilirik. Lakin ümid edirəm ki, ABŞ Prezidenti kimi o, özünü məsuliyyətli və layiqli aparacaq. Bununla belə, üçtərəfli bəyanatı tormozlamağa çalışanlar var və bundan sonra da olacaq. Ümid edirəm ki, Rusiya sülhməramlılarının iştirakı və Rusiya və Azərbaycanın nüfuzunun dəstəyi ilə məlum sənədi Ermənistan tərəfi tam həcmdə müəyyən olunmuş müddətdə icra edəcək”. (APA)

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər