6 Oktyabr - 23:27
“Ukraynadakı məğlubiyyət Putinə həyatı bahasına başa gələ bilər”

“Ukraynadakı məğlubiyyət Putinə həyatı bahasına başa gələ bilər”

Siyasət

22 Sentyabr 2022 17:16 1343


Rusiya prezidenti Vladimir Putin sentyabrın 21-də çıxış edərkən ölkəsinin rəqiblərini növbəti dəfə nüvə silahı ilə təhdid edib. Deyib ki, Rusiya öz ərazisini qorumaq üçün bütün vasitələrdən istifadə edəcək: “Bu, blef deyil”.

Bəs bu təhlükə nə qədər realdır?

Yenisabah.az-a açıqlamasında politoloq Anar Əliyev mövzuya münasibət bildirib.

O, qeyd edib ki, Rusiyanın nüvə təhdidi real təhlükədir:

“Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərliklə bağlı xalqa videomüraciət edib. Bu zaman həm də dünya üçün təhdidedici mesajlar səsləndirib. Rusiyanın ərazi bütölüyünə təhlükə yaranarsa, nüvə silahından istifadə etməsi real təhlükədir. Müharibənin bitməsinə imkan yaratmayan Qərb bu təhdidlərdən ciddi nəticə çıxarmalıdır. Çünki baş verənlər nəzarətdən çıxıb və idarəolunmaz hala gəlib. Putin Rusiyanın Ukraynada uduzmasını hakimiyyəti və şəxsi mənafeyi üçün ciddi təhlükə hesab edir. O bilir ki, Ukraynada qoyduğu minimal hədəflərə çatmamaq hakimiyyəti üçün böyük təhlükədir. Nəinki hakimiyyətdən getməsi, həyatı bahasına başa gələ bilər.

İndiki halda Putin tarana gedir. Qərb texnoloqları bunu çox gözəl dərk edir. Bəs Qərbin planlarında Rusiya ilə tarana getmək varmı? İndiki vəziyyətdə bu təhdid Qərb üçün gözlənilməz idi. Enerji böhranı ilə qarşı-qarşıya qalan Qərb yeni mövqe ortaya qoymağa məcbur olacaq. Putindən sonra Medvedevin bəyanatı nüvə təhdidinin blef olmadığını sübut etmək üçün idi. Tərəflər arasında müharibəyə səbəb olan Qərb nüvə təhlükəsinə qarşı adekvat reaksiya verəcək”.

Politoloq bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə baş tutan konfransında Putinin yanında duran dünyanın böyük dövlətlərinin liderləri də müharibənin qısa müddətdə dayandırılmasının vacibliyini qeyd edib:

“Bu amilin zərurətini dərk edən Putin Qərbi yeni fakt qarşısında qoymaq istəyir. Belə bir təhlükə ilə Qərbin “nəbz”ini yoxlamağa çalışır. Hesab edirəm ki, başda ABŞ olmaqla Qərb bu təhdidləri gözardına almayacaq. İnanıram ki, yaxın müddətdə Rusiya-Ukrayna müharibəsinin İstanbul formatında sülh danışıqlarına dəstək verəcəklər.

Müharibə başladığı andan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vasitəçilik missiyasını həyata keçirməyə çalışırdı. Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya və Ukrayna XİN-lərinin görüşünün təşkil olunması ciddi nəticə kimi qiymətləndirilməli idi. Təəssüf ki, Qərb görüşün davamlılığını sabotaj edərək növbəti görüşlərin qarşısını almağa nail oldu. Əsas hədəflərdən biri Türkiyənin aparıcı rolunun qarşısının alınması idi.

Qərb də səhv etdiyini dərk edəcək. Antalya Diplomatiya Forumu çərçivəsində görüşlərin zərurətini anlayacaq”. 

Nəsimi Ələsgərli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!