Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

YAP gəncləşir? – “Gənc deyəndə onların 40-dan çox yaşı var”
14 Sen 2021 20:02
2231

YAP gəncləşir? – “Gənc deyəndə onların 40-dan çox yaşı var”

Hakim Yeni Azərbaycan Partiyasının adı ətrafında növbəti dəfə ajiotaj yaranıb. Partiya funksionerlərinin intim videolarının yayılmasının ardından İdarə Heyətinin təcili toplanaraq yeni qərarlar qəbul etməsi müxtəlif mülahizələrin meydana çıxmasına səbəb olub: Hazırda siyasi analitiklər bu suallara cavab axtarışındadır: YAP-da nə baş verir? 

Xatırladaq ki, sentyabrın 10-da YAP-ın İdarə Heyətinin iclası keçirilib. İclasda hakim partiyanın Bakı şəhərində fəaliyyət göstərən 9 rayon təşkilatının sədri vəzifəsindən azad edilib, onların yerinə yeni təyinatlar olub. Nəticədə Səbail rayon təşkilatının sədri, keçmiş deputat Şəmsəddin Hacıyev, Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı, Qaradağ rayon təşkilatının sədri, deputat Aydın Hüseynov, Nizami rayon təşkilatının sədri, deputat Sədaqət Vəliyeva, Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva partiyadakı vəzifələrini itiriblər.

Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən YAP funksioneri, Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, partiyada baş verən dəyişikliklər normaldır:

“Yeni Azərbaycan Partiyası mart ayında özünün növbəti VII qurultayını keçirdi və bu qurultayda yeni nizamnamə qəbul edildi. Həmin nizamnamədə partiya strukturlarının formalaşması, rəhbər şəxslərin təyinatı ilə bağlı yeni tələblər qoyuldu. Həmin tələblər qurultayda müzakirə edildi, məqbul sayıldı və partiyanın fəaliyyəti üçün ona faydalı olacağı qənaətinə gəlindi”.

Həmsöhbətimiz bildirib ki, həmin qaydalara görə rayon təşkilatlarının sədrləri, YAP-ın İdarə Heyəti tərəfindən təyin edilir: “Söhbət ondan gedir ki, YAP-ın Mərkəzi Aparatı ərazi təşkilatlarını çox yaxından tanıyır, bu və ya digər partiya üzvünün fəaliyyətinin YAP-a daha səmərəli olacağı barəsində məlumatlıdır.

Eyni zamanda artıq özünü tanıtmış, partiya sədaqətini qəbul etmiş, Heydər Əliyev ideyalarına bağlı olan insanların irəli çəkilməsi üçün şərait yaradılır. Digər bir məqam isə ondan ibarətdir ki, partiyanın təftiş komissiyasına seçilən şəxslər, partiyada artıq ikinci vəzifə tuta bilməzlər. Yəni partiyanın fəaliyyətini təftiş edən orqan üzvü, həmin o təftiş edilən təşkilatın rəhbəri ola bilməz”.

Deputat vurğulayıb ki, bu həmin şəxsin fəaliyyətinə maneə törədə bilər: “Bu baxımdan təftiş komissiyasının və eyni zamanda parlamentin üzvü olan deputatlar, rayon təşkilatı sədrliyindən azad edilir.

Yəni ki, rayon təşkilatlarının sədrlərinin ancaq təşkilat rəhbəri kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Həmin şəxs sırf siyasi təşkilatın rəhbəri kimi, partiyanın proqramının yerinə yetirilməsində, partiya üzvlərinin koordinasiya edilməsində rol oynayacaq. Bu baxımdan bir qrup rayon təşkilatı sədrlərinin hansı ki, ya icra strukturunda, ya da bələdiyyədə rəhbər vəzifə tuturlar, həmin şəxslər də artıq partiya sədrləri kimi təyin edilməlidir.

Bakı şəhər rayon təşkilatlarının 15 sədri artıq təyin edilmişdir. Hesab edirəm ki, gələcəkdə rayon təşkilatlarının sədrlərinin içərisində yeni simalara da rast gəlinəcək”.

YAP-da Əli Əhmədovun komandasının kənarlaşdırılması ilə bağlı deyilənlərə gəldikdə A. Mirzəzadə belə söhbətlərin heç bir əsasının olmadığını deyir:

“Əli müəllim yenə də partiyada yüksək posta sahibdir və partiyanın fəaliyyətində yaxından iştirak edir. Beynəlxalq əlaqələrin qurulmasında, partiya daxili tədbirlərdə yenə də Əli müəllim öz fəaliyyətini davam etdirir.

Kimlərsə təqaüd yaşına çatır, iş yerini dəyişir, etimadı doğrultmurlar və s. Bu baxımdan yenilərin gəlməsi, tamamilə məqbul olan məsələdir. Bakıda rayon təşkilat sədrlərinin bir qismi gənclərdir. Onlar YAP-da çoxdan fəaliyyət göstərirdilər. Gənc deyəndə onların 40-dan çox yaşları var. Həmin kəslər öz fəaliyyətləri ilə yeni post tutmağa laiq görüldülər.”

Son olaraq isə Milli Məclisin deputatı bildirib ki, partiyada kiminsə komandası söhbəti yoxdur, partiya vahiddir: “Partiya Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə, idealogiyasına bağlı olan bir ictimai-siyasi təşkilatdır. Partiya sədri ölkə prezidenti cənab İlham Əliyevin siyasətini dəstəkləyən böyük bir vətəndaş ordusudur. Burada hamı bir xəttdə, dövlətçiliyimizin möhkəmlənməsi, həyat şəraitimizin yaxşılaşması, Azərbaycanın müstəqilliyinin daimi olması üçün mübarizə aparır. Biz, bu ideyalara qulluq edən bir siyasi təşkilatıq”.

Rafi Müslümov

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər