YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Yeni ili xəstəxanada qarşılamamaq üçün nələrə diqqət etməli?

Yeni ili xəstəxanada qarşılamamaq üçün nələrə diqqət etməli?

Sağlamlıq

23 Dekabr 2019 08:26 819


Qarşıdan Yeni il gəlir. Bəziləri bu bayramı otel, şadlıq evi və ya restoranlarda, bəziləri də öz evlərində qarşılayacaqlar. Ancaq hər bayramda zəhərlənmə hadisələrinin sayının pik həddə çatdığını nəzərə alsaq, bəzi nüanslara diqqət etmək lazımdır.

Bəs bayramı xəstəxanada qarşılamamaq üçün nə etməli?

Mövzu ilə əlaqədar “Yeni Sabah”a danışan qida üzrə ekspert İsa Əliyev vətəndaşları bayram günlərində diqqətli olmağa səsləyib:

“Bunun üçün bəzi tədbirlər görməkdə fayda var. Bir çox restoran və şadlıq saraylarında keçirilən tədbirlərdə istifadə olunan menyuların bir çoxu mahiyyətcə eyni olur. Amma mayonezdən hazırlanmış bir neçə növ salat və yaxud da eyni inqredientlərdən hazırlanmış təamlar görə bilərsiniz. Bunlar əgər saf, təzə məhsullardan hazırlanıbsa, bir problem olmayacaq, amma əgər maliyyəti aşağı salmaq üçün bazarlardan və ya marketlərdən ən ucuz, bəzi hallarda isə son istifadə müddəti keçmiş məhsulları alırlarsa, onda problemlər yarana bilər. Əsas problemlər restoran və şadlıq saraylarında istifadə olunan ət və ət məhsullarında olur. Çox vaxt bu ətlərin mənşəyi bəlli olmur. Çox yaxşı olardı ki, müştərilər əmin olduqları restoralara üz tutsunlar. Müştərilərdə hər hansısa şübhə yaranıbsa, restoranın administrasiyasından istifadə olunan inqredientlərin, xüsusilə də ət və süd məhsullarının sertifikatlarını tələb edə bilərlər. Otel və ya restoran keyfiyyətə üstünlük verirsə, onların aldıqları və istifadə etdikləri hər şey dövlət tərəfindən qeydiyyata alınmış və serifikatları olan müəssisələr olmalıdır".

Qida eksperti bildirir ki, bayramı evdə keçirmək də zəhərlənməməyə zəmanət vermir:

"Bununla yanaşı evlərdə də müxtəlif təamlar bişirilir. Ola bilir ki, bu yeməklər bir neçə gün ərzində yeyilir. Əgər ət və ət məhsullarından istifadə edilibsə, o zaman həmin xörək soyuducuda saxlanmaq şərti ilə, maksimum 2-3 gün ərzində yeyilməlidir. Çox vaxt bizim xanımlar belə bir səhvə yol verirlər ki, yeməyi bir neçə dəfə isidir, sonra soyuduculara qoyurlar. Bu doğru deyil, yemək ən çox 1-2 dəfə isidilib soyuducuya qoyulduqdan sonra artıq yararsız vəziyyətə düşür. Çünki o hər dəfə isidildikdə onun tərkibində olan mikroorqanizmlər münbit şərait tapıb inkişaf edir. Siz onu soyuducuya qoymaqla öldürmüş olmursunuz, sadəcə dondurursuz.

Bayram endirimlərindən də yararlanmağa tələsməmək lazımdır. Həmin vaxtlar marketlərdə aldadıcı endirimlər olur, tarixi bitməkdə olan və ya bitmiş məhsulları endirim adı altında camaata satırlar". 

Sabrina Eldarqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!