Yuxu da kömək etmir: Bədəniniz yox, beyniniz yorulmuş ola bilər

saytların hazırlanması

Evə çatdırılma

Yuxu da kömək etmir: Bədəniniz yox, beyniniz yorulmuş ola bilər

Sağlamlıq

26 Noyabr 2026 11:48 206


Kifayət qədər yatmağa və ya istirahət etməyə baxmayaraq, bəzən özümüzü tükənmiş, gərgin və enerjisiz hiss edirik. Bunu səbəbi nədir?

Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən psixoloq İlhamə Mustafayeva bildirib ki, fiziki yorğunluq əsasən bədənlə bağlıdır və işdən, idman məşqindən və ya uzun yol getdikdən sonra əzələlərdə ağırlıq və ağrı şəklində hiss olunur:

“Zehni yorğunluq isə diqqətin və sinir sisteminin yorulmasıdır: insan uzun müddət bir fikrə, suala, problemə və ya yaşadığı hansısa hadisənin mənasını anlamağa fokuslandıqda, beynində eyni mövzunu fırlatdıqda yaranır. Onlayn mağaza

İnsan 7- 8 saat yatsa da, bəzən yenə özünü yorğun hiss edə bilər. Bu vəziyyət ilk növbədə insanın fiziologiyası və bioloji ritmi ilə bağlıdır. Yuxunun yalnız müddəti deyil, keyfiyyəti də vacibdir; melatonin hormonunun ifraz olunduğu qaranlıq saatlarda yatmaq və səhər tezdən oyanıb günəş işığını qəbul etmək bioloji ritm üçün önəmlidir. Bəzən 10 saat yatmaq belə ritmin pozulmasına işarə edə bilər. Bundan əlavə, insan yatsa da gecə pis yuxu görə və ya şüuraltı aktiv qala bilər, bu da səhər yorğun oyanmağa səbəb olur”.

Psixoloq qeyd edib ki, beyni “hazırlıq vəziyyətində” saxlayan hal çox vaxt həyəcan-təşviş pozuntusu ilə əlaqəli olur və beynin “qaç və ya savaş” rejimində qalması ilə izah edilir:

“Psixika real təhlükə ilə real olmayan qorxunu (məsələn, imtahan, işdəki mümkün çətinlik və ya gələcəklə bağlı narahatlıqlar) eyni cür qavrayır. İnsan həllini tapmamış sualları, narahatlıqları və ssenariləri şüuraltı və məntiq səviyyəsində fırlatdıqca enerji və hormon ehtiyatları tükənir, bu da gecə yuxusunu pozur. Hətta kortizol hormonu gün ərzində həyəcan-təşvişə sərf olunduqda səhər oyanmaq üçün lazım olan səviyyədə qalmaya bilər; halbuki kortizol səhər oyanmağa kömək edən vacib hormonlardandır.

Dincələrkən əslində dincələ bilmədiyimizi bədən siqnalları və duyğular göstərir. İnsan məclisdə, təbiətdə və ya istirahətdə olsa da, beyni dayanmadan düşünürsə, bədəndə gərginlik yaranır: beldə, boyunda, başda küt ağrılar, çiyin və kürəkdə sıxılma, əlləri sıxmaq, ürək döyüntüsü, tərləmə və ya üşümə kimi əlamətlər ortaya çıxa bilər. Rahatlıq halında bədən boşalmış vəziyyətdə olur, dincələ bilmədikdə isə sıxılmış qalır”.

İ. Mustafayevanın sözlərinə görə, zehni yükü azaltmaq üçün təbiətlə daha çox təmasda olmaq - dəniz kənarına, bağa və ya parka çıxmaq gərginliyi azaltmağa kömək edir:

“Evdə nəfəs texnikalarından istifadə etmək (dərindən nəfəs almaq, nəfəsi bir qədər saxlamaq və nəfəs hərəkətlərinə diqqət yetirmək) bədənin “təhlükə rejimindən” çıxmasına şərait yaradır. Həmçinin “anda qalmaq” və narahat edən problemi gün ərzində fasiləsiz düşünmək əvəzinə ona müəyyən bir vaxt ayırmaq faydalıdır. Əzələləri növbə ilə sıxıb-boşaltmaq (üz, əl, qol, kürək və digər əzələ qruplarında) həm bədən, həm də zehni gərginliyi azaldır. Nəhayət, fiziki aktivlik də vacibdir: bunun üçün mütləq fitness zalına getmək şərt deyil; parkda və ya ev ətrafında gəzmək, ev və ya ofis işlərini görmək, yemək bişirmək kimi gündəlik fiziki hərəkətlər də bədəni rahatlaşdırır.”

Cəlalə Cəlalqızı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!