Açılışdan sonra başlayan təmir: “Bu, birinci dəfə deyil...”

Açılışdan sonra başlayan təmir:
May 30, 2019 11:56
Oxunma sayı: 1038

Xəbər verdiyimiz kimi, mayın 21-də Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışı olub.  Həmin açılışda Prezident İlham Əliyev iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.

Yeni istifadəyə verilməsinə baxmayaraq, bir neçə gün sonra vağzalın platformasında müəyyən problemlər üzə çıxmışdı. Buna görə də, üzlük daşları sökülərək yenidən təmir işlərinə başlanılıb. Dünən isə “Azərbaycan Dəmir Yolları” QSC Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının mayın 31-də, iyunun 1-2-də işləməyəcəyi haqda məlumat yayıb. Xəbərə görə, təmirlə əlaqədar qatarların hərəkəti 3 günlük dayandırılacaq. 

Bu kimi hallar dəfələrlə yaşanıb. Bəzən böyük layihələr həyata keçirilib, təntənəli açılışla istifadəyə verilsə də, bir neçə gün sonra hansısa problemlər olduğu, təmirə dayandığı haqda məlumatlar yayılıb.

Bəs yeni tikilən, istifadəyə verilən belə layihə, binaların bir neçə gün ərzində təmirə dayanma səbəbləri nədir?

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Sabah”a açıqlamasında büdcə hesabına görülən işlərin keyfiyyətində problemlər olduğunu vurğulayıb:

“Ümumiyyətlə, büdcə hesabına görülən işlərin keyfiyyətində problemlər var. Çox zaman öncədən açılış günü elan olunur və bu ölkə başçısına bildirilir. Sonra həmin günə çatdırılması üçün keyfiyyətsiz də olsa işlərin tez görülməsinə çalışılır. Bu da nəticə olaraq problemlərin yaşanması ilə müşahidə olunur. Yəni bu, birinci dəfə deyil  və sonuncu da olmayacaq. Çünki büdcə vəsaiti hesabına görülən işlərin monitorinqi, xərclənən vəsaitin şəffaflığı, görülən işin keyfiyyətinə nəzarət, bütün bu məsələlərlə bağlı Azərbaycanda həmişə ciddi problemlər olub. Sanki büdcə pulunun xərclənməsinə nəzarət funksiyasını həyata keçirməli olan dövlət orqanları öz işlərini keyfiyyətli və yaxşı görmədikləri üçün həmişə problemlər üzə çıxır. Bu da belə problemlərin yaşanması ilə nəticələnir”.

Ekspert bildirib ki, Hesablama Palatası bu işlərdə ən səlahiyyətli qurumdur:

“Bu qurumun büdcədən ayrılan vəsaitin detallı şəkildə yoxlanması və arayışların verilməsi üçün səlahiyyəti var. Amma çox təəssüf ki, ya ştat, ya səlahiyyət yetərsizliyindən, ya işlərin həcminin böyüklüyünə görə çatdıra bilməməsindən və yaxud digər  səbəblərdən  Hesablama Palatası öz işini doğru-dürüst yerinə yetirə bilmir. Çünki büdcədən ayrılan vəsaitlərin həcmi kifayət qədər böyükdür. Hər bir xərc istiqaməti üzrə Hesablama Palatasının ayrıca arayışı olmalıdır. Amma bu illər ərzində biz  detallı arayışlar görməmişik. Ancaq hansısa bir neçə sahə üzrə il ərzində müəyyən yoxlamalar aparılır. Amma bu, bütün büdcə xərclərini əhatə etmir. Əslində Hesablama Palatası büdcədən  ayrılan hər bir manatın  təyinatı üzrə xərclənməsini  yoxlamalı və bununla bağlı parlament qarşısında çıxış edərək hesabat verməlidir.  Çox təəssüf ki , bu, formal xarakter daşıyır və büdcədən ayrılan vəsaitlərin xərclənməsinə nəzarət funksiyasını tam yerinə yetirə bilmir”. 

Əsmər Qabil

Yenisabah.az