“Azərbaycanfilm” Kinostudiyasındakı otaq qalmaqalı ilə bağlı   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanfilm” Kinostudiyasındakı otaq qalmaqalı ilə bağlı RƏSMİ AÇIQLAMA

Mədəniyyət

23 Aprel 2026 13:37 203


Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) qrim rəssamı, qrim ustası, aktyor, Əməkdar mədəniyyət işçisi Elbrus Vahidovla bağlı qalmaqala münasibət bildirib.

“Yeni Sabah”ın sorğusuna cavab olaraq, agentlikdən bildirilib ki, uzun illər ərzində milli kino sənətimizin inkişafına töhfələr vermiş, peşəkar fəaliyyəti ilə seçilən qrim rəssamı Elbrus Vahidovun Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasındakı iş otağı ilə bağlı sosial şəbəkələrdə və bəzi media resurslarında yayılan məlumatlar reallığı tam əks etdirmir:

“Hazırda kinostudiyanın ərazisində onun kino sənayesi parkına çevrilməsi istiqamətində mərhələli şəkildə abadlıq, təmir və bərpa işləri həyata keçirilir. Bu çərçivədə mövcud məkanların funksional baxımdan yenidən təşkili aparılır. Elbrus Vahidovun istifadəsində olan otaqlardan anbar kimi istifadə edilən hissə onun razılığı və iştirakı ilə təmir məqsədilə boşaldılmış, şəxsi əşyaları özü tərəfindən götürülmüşdür. Otaqda olan istifadəyə yararsız inventar da razılığı əsasında çıxarılmışdır.

Eyni zamanda qeyd edirik ki, Elbrus Vahidovun kinostudiyada ayrıca iş otağı mövcuddur və o, fəaliyyətini davam etdirir. Təmizlənmiş məkanın qrim xidmətləri üçün istifadəsi nəzərdə tutulur. Həmin otağın icarəyə verilməsi ilə bağlı səsləndirilən fikirlər isə təsdiqini tapmır.

Ümumilikdə həyata keçirilən işlər kinostudiyada daha səmərəli və rahat yaradıcı mühitin formalaşdırılmasına, kino sahəsində çalışan mütəxəssislər üçün imkanların genişləndirilməsinə xidmət edir. Tarixi ənənələrə malik “Azərbaycanfilm” kinostudiyasının müasir yanaşmalar əsasında yenilənməsi və inkişafı istiqamətində tədbirlər davam etdirilir”.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!