Sosial şəbəkələrdə və ictimai müzakirələrdə tez-tez "Azərbaycanda qadınlara C kateqoriyalı sürücülük vəsiqəsi ((3,5 tondan artıq icazə verilən maksimum kütləyə malik yük maşınlarə üçün) verilmir" fikri səsləndirilir.
Bu iddia nə dərəcədə həqiqəti əks etdirir? Qanunvericilikdə belə bir qadağa varmı, yoxsa söhbət cəmiyyətdə formalaşmış yanlış təsəvvürdən gedir?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynli bildirib ki, Azərbaycanda qadınların C kateqoriyalı sürücülük vəsiqəsi almasına heç bir qadağa yoxdur: pizza sifarişi
“Azərbaycanda bununla bağlı heç bir hüquqi məhdudiyyət yoxdur. "Yol hərəkəti haqqında" qanunun 30-35-ci maddələrində sürücü olmaq üçün müəyyən edilən tələblər arasında cinsi mənsubiyyətlə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Ölkədə mövcud olan bütün sürücülük kateqoriyaları və alt kateqoriyaları həm kişilər, həm də qadınlar tərəfindən əldə edilə bilər. Bunun üçün sadəcə qanunvericilikdə nəzərdə tutulan qaydada hazırlıq keçmək və imtahan vermək lazımdır.
Hətta ən yüksək kateqoriyalardan olan D və DE (qoşqulu avtobus) kateqoriyaları da qadınlar üçün açıqdır. Hazırda Azərbaycanda avtobus idarə edən qadın sürücülər fəaliyyət göstərir.
C kateqoriyası ilə bağlı da heç bir məhdudiyyət yoxdur. Qadınlar ümumi qaydada sürücülük məktəbini bitirib, imtahan verərək C kateqoriyası ala və yük avtomobillərini idarə edə bilərlər. Əsas şərt sürücülərin sağlamlığı ilə bağlı müəyyən edilmiş tələblərə cavab vermələridir. Bu tələblərə uyğun olan hər bir şəxs, qadın və ya kişi olmasından asılı olmayaraq, həmin kateqoriyanı əldə edə bilər''.

Onun sözlərinə görə, burada təkcə qanun yox, peşənin çətinliyi və iş şəraiti də rol oynayır:
“Məsələnin hüquqi tərəfi ilə yanaşı, sosial və əmək şəraiti ilə bağlı tərəfləri də var. Yük avtomobili sürücüsünün işi kifayət qədər çətin və mürəkkəbdir. Şəxsi avtomobil, taksi və ya şəhərdaxili avtobus idarə etmək bu baxımdan daha fərqlidir.
Məsələn, avtobus sürücülərinin işi daha sistemli şəkildə təşkil olunur. Onlar qarajdan texniki baxışdan keçmiş, hazır avtobusu qəbul edir, reyslərini yerinə yetirir, sonra isə nəqliyyat vasitəsini təhvil verərək istirahətə gedirlər.
Yük avtomobili sürücülərinin işi isə daha ağırdır. Onların dəqiq iş qrafiki olmur, uzun məsafələrə, bəzən beynəlxalq reyslərə çıxırlar, müxtəlif şəraitlərlə üzləşirlər. Yükün yüklənməsi və boşaldılması prosesindən tutmuş yol şəraitinə qədər hər gün fərqli situasiyalar yaranır. Bu peşə gözlənilməzliklərlə və dəyişkən iş şəraiti ilə müşayiət olunur.
Məhz buna görə də Azərbaycanda qadınların yük avtomobili sürücüsü olmağa marağı azdır. Bu, təkcə bizdə deyil, dünyanın əksər ölkələrində də müşahidə olunan tendensiyadır. Bəzi ölkələrdə qoşqulu və yarımqoşqulu yük avtomobillərini idarə edən qadınlar var, lakin Azərbaycanda bu ənənə hələ formalaşmayıb.
Yəni hüquqi baxımdan heç bir maneə yoxdur. Sadəcə, peşənin əmək şəraiti və işin spesifik xüsusiyyətləri səbəbindən hazırda iri və orta tonnajlı yük avtomobillərinin sükanı arxasında qadınlara demək olar ki, rast gəlinmir".
Nəqliyyat eksperti Elməddin Muradlı da bildirib ki, qadınların C kateqoriyası ala bilmədiyi ilə bağlı deyilənlər doğru deyil:
“Mən bu fikirlə razı deyiləm. Qadınların C kateqoriyalı nəqliyyat vasitələrini idarə edə bilməyəcəyi barədə iddialar doğru yanaşma deyil. Tarixə nəzər salsaq görərik ki, hələ Sovet dövründə Azərbaycanda peşəkar qadın sürücülər olub. Onlar yük avtomobillərini, hətta ağır kənd təsərrüfatı texnikalarını idarə ediblər.
Hesab edirəm ki, qadınlar sürücülük sahəsində kifayət qədər peşəkar ola bilərlər. Sadəcə, bu gün əsas problem sürücü hazırlığı sistemindədir. Şablon şəkildə imtahana hazırlaşıb sürücülük vəsiqəsi almaq peşəkar sürücü olmaq demək deyil. Bu sahədə ciddi problemlər var”.

E.Muradlı qeyd edib ki, artıq qadın avtobus sürücüləri fəaliyyət göstərir və bu, onların ağır nəqliyyat vasitələrini də idarə edə bildiyini göstərir:
“Əgər həqiqətən oxuyub öyrənən, bilikli və məsuliyyətli qadınlar yük avtomobili idarə etmək istəsələr, bunun heç bir maneəsi yoxdur. Hazırda avtobus sürücüləri ilə bağlı bunu artıq görürük. D kateqoriyası da kifayət qədər məsuliyyətli və çətin kateqoriyadır. Buna baxmayaraq, AYNA-nın elan etdiyi proqram çərçivəsində çoxsaylı qadın avtobus sürücüsü hazırlanıb və onlar artıq xətlərdə çalışırlar.
Bu onu göstərir ki, həmin qadınlar lazımi bilik və bacarıqlara yiyələnərək imtahanlardan uğurla keçiblər. Əgər onların arasında C kateqoriyası üzrə də işləmək istəyənlər olsa, əminəm ki, müvafiq nəzəri və praktiki imtahanlardan keçərək yük avtomobillərini də idarə edə bilərlər.
Ona görə də qadınların bunu bacarmayacağı fikri ilə razı deyiləm. Onlar bunu bacararlar. Sadəcə, bunun üçün keyfiyyətli təlim, düzgün hazırlıq və peşəkar yanaşma təmin olunmalıdır".
Əsmətxanım Rzazadə
Telegram kanalımız