Belə cərimələri şikayət edə bilərsiniz, silinəcək

saytların hazırlanması

Evə çatdırılma

Belə cərimələri şikayət edə bilərsiniz, silinəcək

Avto

01 May 2026 08:01 594


Bakının bəzi şəhərətrafı ərazilərində, xüsusilə Biləcəri və Binəqədi qəsəbələrində marketlərin qarşısında park edilən avtomobillərin cərimələnməsi son günlər müzakirə mövzusuna çevrilib. Sakinlər bildirirlər ki, bəzi hallarda nə yol nişanı var, nə də avtomobillər hərəkətə real maneə yaradır. Buna baxmayaraq tətbiq edilən cərimələr narazılıq doğurur və bu addımın hüquqi əsasları sual altına düşür.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Demokrat.az-a açıqlama verən hüquqşünas Rəşad Əliyev deyib ki, Azərbaycan qanunvericiliyinə görə, sürücünün məsuliyyətə cəlb olunması üçün inzibati xəta faktı aydın və hüquqi əsaslarla təsdiqlənməlidir:

“Yəni hər hansı avtomobilin sadəcə market qarşısında dayanması avtomatik olaraq cərimə tətbiqi üçün yetərli əsas sayılmır. Əgər həmin ərazidə dayanma və ya durmanı qadağan edən yol nişanı yoxdursa, yolun hərəkət hissəsi bağlanmırsa, piyadaların və digər nəqliyyat vasitələrinin hərəkətinə real maneə yaranmırsa, belə hallarda tətbiq edilən cərimələr mübahisələndirilə bilər. Yol Hərəkəti Haqqında Qanuna əsasən, dayanma və durma qaydalarının pozulması konkret hallarla müəyyən edilir. Burada əsas meyar sürücünün digər hərəkət iştirakçılarına maneə yaradıb-yaratmamasıdır. Təcrübədə isə bəzən ərazilərdə nişanlanma aparılmadan və ya sürücülərə əvvəlcədən aydın xəbərdarlıq edilmədən cərimələr tətbiq olunur ki, bu da hüquqi baxımdan mübahisəli vəziyyət yaradır”.

O bildirib ki, xüsusilə yaşayış massivlərində və market önlərində parklanma problemi uzun illərdir mövcuddur:

“İnfrastrukturun kifayət qədər təşkil olunmaması fonunda sürücülərin alternativ park yeri tapmaq imkanları məhdudlaşır. Belə vəziyyətdə yalnız cərimə mexanizminin tətbiqi deyil, həm də aidiyyəti qurumların parklanma şəraitinin yaradılması istiqamətində addımlar atması vacibdir. Sürücülərin hüquqlarına gəldikdə isə, hər bir vətəndaş tətbiq edilən cərimənin hüquqi əsasını tələb etmək və qərardan şikayət vermək hüququna malikdir. Əgər sürücü hesab edirsə ki, avtomobili hərəkətə maneə yaratmayıb və ərazidə qadağanedici nişan olmayıb, o zaman elektron protokolun foto və video sübutlarını tələb edə, inzibati qaydada və ya məhkəmə vasitəsilə qərarın ləğvini istəyə bilər. Burada əsas prinsip ondan ibarətdir ki, inzibati məsuliyyət yalnız qanunun açıq şəkildə pozulduğu hallarda tətbiq olunmalıdır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!