Kişiləri qadın sürücülərdən bezdirən 5 hərəkət -   Bu səhvlər onları hövsələdən çıxarır...

saytların hazırlanması

Evə çatdırılma

Kişiləri qadın sürücülərdən bezdirən 5 hərəkət - Bu səhvlər onları hövsələdən çıxarır...

Avto

23 Noyabr 2026 13:54 199


Yollarda kişi və qadın sürücülər arasında fikir ayrılıqları, qarşılıqlı iradlar və narazılıqlar tez-tez müşahidə olunur. Kişi sürücülər bəzən qadınların sükan arxasında daha çox səhv etdiyini iddia edir, qadınlar isə kişilərin aqressiv və səbirsiz davranışlarından şikayətlənirlər. Bəs əslində, kişi sürücülərin qadın həmkarlarından ən çox narazı qaldığı məqamlar hansılardır? Qadın və kişilərin sükan arxasında yol verdiyi səhvlər bir-birindən nə ilə fərqlənir? Bu fərqlər sürücülük vərdişləri ilə, yoxsa fərdi davranışlarla bağlıdır?

Yol hərəkəti təhlükəsizliyi mütəxəssisi Arzu Babazadə “Yeni Sabah”a açıqlamasında bu məsələlərə aydınlıq gətirib.O bildirib ki, bəzi qadın sürücülərin kifayət qədər təlim keçmədən sükan arxasına əyləşməsi və diqqəti yayındıran hərəkətlər etməsi ciddi təhlükə yaradır:

“Çox təəssüf ki, mən kişi sürücülərimizə “haqsızsınız” deyə bilməyəcəyəm. Çünki son zamanlarda iki, üç, beş saatlıq təlimdən sonra sükan arxasına əyləşib yollara çıxan xanım sürücülər müşahidə edirik. Buna çox təhlükəli bir məqam da əlavə olunur. Bəziləri sükan arxasında mobil telefondan istifadə edir, işə gedə-gedə makiyaj edirlər. Bunların hamısı diqqəti yayındıran amillərdir.Bu cür az təlimlə yollara çıxan və üstəlik, təhlükəli hərəkətlər edən xanım sürücülər özləri qəzaya qarışmasalar da, ciddi və faciəvi qəzalara səbəb ola bilirlər. Özləri sürüb gedirlər, amma arxada onların hərəkətləri səbəbindən kimin kimə toqquşduğu, hansı hadisənin baş verdiyi heç vecilərinə də olmur. Ona görə də kişilərin bu məsələdə narazılığını haqlı hesab edirəm”. İnternet mağaza

Mütəxəssis qeyd edib ki, sürücülük təlimlərinin az olması ilə yanaşı, bəzi hallarda qaydaları bilən şəxslərin də məsuliyyətsiz davranışı qəza təhlükəsi yaradır:

“Belə halları mən özüm də müşahidə edirəm. Əsas səhvlərdən biri çox az sayda təlim keçərək sürücülük vərdişlərinə tam yiyələnmədən yollara çıxmaqdır. Sonra bəzən görürük ki, peşəkar təlimçilərin tələbələri də yollarda səhvlər edirlər. Bu isə artıq insanın xarakteri, məsuliyyət hissi ilə bağlıdır. Qanun-qaydanı, yol hərəkəti normalarını öyrədirsən, lakin həmin şəxs yola çıxanda öz bildiyi kimi hərəkət edir, qaydalara riayət etmir və sürücülük mədəniyyətindən kənar davranışlar sərgiləyir.

Sürücülərin yol verdiyi səhvlərin sayını qadın və kişilər arasında bərabər müqayisə etmək də düzgün deyil. Çünki kişi sürücülərin sayı daha çoxdur. Sürücü sayı nə qədər çoxdursa, səhvlərin sayı da bir o qədər çox olacaq. Qadın sürücülərin sayı isə kişilərlə müqayisədə azdır. Bu, qadınların daha yaxşı, yaxud kişilərin daha pis sürücü olması demək deyil. Sürücülüyü cinsə bölmək olmaz. Heç bir peşəni cinsə görə qiymətləndirmək düzgün deyil. Məsuliyyətlisi də var, məsuliyyətsizi də, savadlısı da var, savadsızı da”.

A.Babazadə qadın sürücülərin kişilərin aqressiv və səbirsiz davranışlarından şikayətlənməsinə də münasibət bildirib. Onun sözlərinə görə, bəzi kişi sürücülər xanımların qanunlara uyğun hərəkətlərinə belə aqressiv reaksiya verirlər:

“Bəzi kişilər, bunu hamıya şamil etmirəm, xanım sürücülərə yol vermək istəmirlər. Bəzən qadın sürücü piyadaya yol verir, arxadakı sürücü isə siqnal verərək onu təhqir edir. Halbuki xanım sürücü qanunlara uyğun davranır. Yaxud özü baş yolda olsa da, digər yolda nəqliyyat axınının çox olduğunu görərək sürücülük mədəniyyəti naminə bir neçə avtomobilin keçməsinə şərait yaradır. Belə hallarda bəzi sürücülər səbirsizlik göstərir, səs siqnalı verir, təhqiredici ifadələr işlədirlər”.

Mütəxəssis kişi sürücülərin qadın həmkarlarından ən çox narazı qaldığı məqamları da sadalayıb. O, xüsusilə sürət həddinə uyğun hərəkət etməməyin, güzgülərdən düzgün istifadə olunmamasının və ətrafdakı avtomobillərə diqqət yetirilməməsinin təhlükəli olduğunu vurğulayıb:

“Kişi sürücülərin narazı qaldığı əsas məqamlardan biri də xanımların ləng davranışlarıdır. Sürücülük vərdişlərini təkmilləşdirmədən yola çıxan bəzi xanımlar 90-110 km/saat sürət həddi olan yollarda ikinci, üçüncü, dördüncü və beşinci zolaqlarda 40-55 km/saat sürətlə hərəkət edərək qəza şəraiti yaradırlar. Bundan başqa, yalnız qarşıya baxmaları, güzgülərdən düzgün istifadə etməmələri, arxadan gələn avtomobillərin işıq siqnallarına diqqət yetirməmələri də ciddi narahatlıq doğurur.

Bir xanım sürücü kimi mənim özümü də narahat edən məqamlardan biridir. Dəfələrlə işıq siqnalı ilə xanım sürücüyə xəbərdarlıq etmək istəmişəm ki, məsələn, avtomobilin qapısı açıq vəziyyətdədir, arxa oturacaqda uşaq var və qapı düzgün bağlanmayıb. Lakin sürücü güzgülərə baxmadığı üçün xəbərdarlığı görmür. Belə hallarda səs siqnalı verməklə, yanından keçərkən işarə edərək qapısının açıq olduğunu bildirməyə çalışmışam. Bu, ətrafdakı sürücülər üçün də ciddi təhlükə yaradır. Ona görə də az sayda dərslə, qanunları tam öyrənmədən yollara çıxmaqla bağlı narazılıqların haqlı tərəfləri var”.Qadın və kişi sürücülərin yol verdiyi səhvlərin fərqinə toxunan Arzu Babazadə bildirib ki, bəzi hallarda kişilər səhv etdiklərini bilə-bilə qaydaları pozur, qadınlar isə kifayət qədər öyrənmədikləri üçün bilmədən yanlış hərəkətlərə yol verirlər:

“Amma nəticə etibarilə hər iki halda bu, səhvdir və ciddi təhlükə yaradır. Hər inzibati xəta bir qəza, əlil arabası, reanimasiya və hətta məzar daşı deməkdir. Ona görə də səhvin hansı səbəbdən edildiyinin fərqi yoxdur. Səhv edilməməlidir, çünki yol səhvi bağışlamır”.

Mütəxəssis xanımlara sükan arxasına əyləşməzdən əvvəl sürücülük vərdişlərini tam mənimsəməyi tövsiyə edib. O, həmçinin qadın və kişi sürücülərin reaksiya müddəti arasında fərq olduğunu iddia edərək bunun nəzərə alınmasının vacibliyini vurğulayıb:

“Xanımlar ilk növbədə sürücülüyü düzgün öyrənməli, bütün vərdişlərə tam yiyələndikdən sonra sıx yollara çıxmalıdırlar. Bundan əlavə, bəzi qadınlar öz reaksiyalarının kişilərlə müqayisədə daha gec olduğunu qəbul etmək istəmirlər. Elmi araşdırmaların göstərdiyinə görə, qadınların reaksiyası kişilərin reaksiyasına görə saniyənin üçdə biri qədər gecikir. Xanımlar bu fərqi nəzərə alaraq sürücülük vərdişlərini daha da təkmilləşdirməli, özlərini yola tam hazır hiss etdikdən sonra avtomobil idarə etməlidirlər. Bunu qəbul etməyərək kifayət qədər hazırlıq keçmədən yollara çıxmaq isə problemlərə səbəb olur”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!