“Bəzi insanlar “hacı” adına uyğun həyat tərzi sürməkdə çətinlik çəkirlər”

saytların hazırlanması

Evə çatdırılma

“Bəzi insanlar “hacı” adına uyğun həyat tərzi sürməkdə çətinlik çəkirlər”

Din

27 Aprel 2026 15:20 128


“Həcc ziyarətinə gedəcək insan, ilk növbədə, mənəvi baxımdan hazır olmalıdır. Bu ziyarətin mahiyyətini, fəlsəfəsini dərk etməli, nə üçün getdiyini aydın şəkildə anlamalıdır. Daha sonra isə Həcc əməllərini düzgün şəkildə öyrənmək vacibdir ki, ibadətlərini səhvsiz və şüurlu şəkildə yerinə yetirə bilsin”.

Bunu “Yeni Sabah” islamşünas Natiq Rəhimov bildirib.

Onun sözlərinə görə, insanlar ziyarətə getməzdən əvvəl yaxınlarından halallıq alır, onlarla sağollaşırlar:

“Bunun səbəbi Həccin uzun və müəyyən qədər çətin bir ziyarət olmasıdır. Eyni zamanda, insan kiməsə qarşı haqqı keçibsə, bunu aradan qaldırmağa çalışır, borclarını ödəyir, üzərində qalan məsuliyyətləri yerinə yetirir. Bu cür hazırlıqdan sonra ziyarətə gedən şəxs ibadətlərini düzgün şəkildə icra etməyə çalışmalı və geri qayıtdıqdan sonra da bu ada layiq bir həyat sürməlidir. Çünki “hacı” adı insanın üzərinə daha böyük mənəvi məsuliyyət qoyur".

N.Rəhimov vurğulayıb ki, qadınlar və gənclər də həcc zamanı xüsusi diqqətli olmalıdırlar:

“Ümumiyyətlə, hər bir ziyarətçi orada davranışlarına, hərəkətlərinə və ünsiyyətinə ciddi fikir verməlidir. Çünki Həcc dünyanın müxtəlif ölkələrindən milyonlarla insanın toplandığı müqəddəs bir məkandır və hər kəs öz ölkəsini təmsil edir. Azərbaycanlı zəvvarlar da unutmamalıdırlar ki, onların davranışı ölkəmiz haqqında fikir formalaşdırır. Buna görə də onlar özlərini layiqincə aparmalı, yüksək əxlaq və mədəniyyət nümayiş etdirməlidirlər ki, digər millətlərdə ölkəmiz haqqında müsbət təəssürat yaransın.

Həcc ziyarətində edilən səhvlərlə bağlı konkret fikir söyləmək çətindir. Adətən texniki və ya əməli məsələlərdə müəyyən yanlışlıqlar ola bilər ki, bunlar da qrup rəhbərləri və bələdçilər tərəfindən yerindəcə həll olunur. Lakin ümumi olaraq ən böyük problem ziyarətdən sonra “hacı” adını doğrultmaq məsələsində ortaya çıxır. Bəzi insanlar bu ada uyğun həyat tərzi sürməkdə çətinlik çəkirlər. Əlbəttə, bu bütün zəvvarlara aid deyil, yalnız müəyyən bir qismə aiddir.

Aytəkin Əzizqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!