“Bir tikə çörək tapmayanlar var, onlara baxıb şükür edək”  - Xalq artisti
07 Avq 2020 14:01
430

“Bir tikə çörək tapmayanlar var, onlara baxıb şükür edək” - Xalq artisti

Şou-biznesin bəzi nümayəndələri koronavirusla əlaqədar tətbiq olunan karantin rejiminin uzadılmasına etiraz edərək, toyların yoxluğundan şikayətlənir. Maddi cəhətdən sıxıntılarının artdığını söyləyən sənətçilər, çətin vəziyyətdə olduqlarını bildirirlər.

Yenisabah.az xəbər verir ki, o, bütün bunları sosial şəbəkə platformalarında izləyiciləri ilə bölüşür, problemlərini dilə gətirirlər. Onların üsyan xarakterli video və statusları birmənalı qarşılanmır, xeyli sayda izləyicinin sərt reaksiyasına səbəb olur. Bu məqamda sual yaranır. 

Keçdiyimiz çətin günlərdə, xalqın səbrinin tükəndiyi bir dövrdə insanlarda qıcıq yaradan çıxışlar düzgündürmü?

Məsələ ilə bağlı “Sherg.az”ın suallarını cavablandıran  sevilən xanəndə, Xalq artisti Gülyanaq Məmmədova deyib ki, indi pandemiya dövrüdür, koronavirus tək Azərbaycanda deyil, bütün dünyada var: 

“Düzdür, hər ölkədə qanunlar qəbul edilib, elə yerlər var ki, iş yerləri açılıb. Dövlətimizin verdiyi qərarlar da bizə aiddir. Dünən “ATV” televiziyası bu barədə məndən müsahibə aldı. Sual verdilər ki, sənət yoldaşlarınız qərarlara üsyan edirlər. Siz nə deyə bilərsiniz? Cavab verdim ki, onları da başa düşürəm. Mən də daxil olmaqla hamı üçün çətindir.

Mənim də dörd körpəm, böyük ailəm var. Təxminən yanvardan bu yana toy yoxdur, sadəcə maaşla ailə saxlayırıq. Buna rəğmən  dövlətin verdiyi qərarlara qarşı çıxa bilmərik. Çünki  sağlığımız üçün önəmli olan qaydalardır, əməl etməliyik. Bir etiraf edim ki, öncədən iyun ayının sonlarına qədər koronavirusa inanmırdım.

Amma iyul ayında baş verənlərdən sonra qorxub, stresə düşdüm. Yaxınlarımın, dostlarımın, tandıqılarımın bu  xəstəliyə yoluxduğunun şahidi oldum. Ailəm, övladım var deyə bayıra çıxmaqdan ehtiyat etdim. Hətta televiziyada yaxın zamanlarda gedən döyüşlərlə, şəhidlərimizlə bağlı verilişlər oldu.  Qorxmağıma baxmayaraq hamısında iştirak etdim.

Çünki  vətənimə, elimə, şəhidimə olan hörmətimdən getməyə bilməzdim. Qorxa-qorxa da olsa gedib, bir sənətçi olaraq  sənətimlə  ordumuza dəstək oldum. Demək istəyirəm ki, o qorxuyla yaşayırıq. İndi də fikirləşirik ki, görəsən, sabah başımıza nə gələcək? Allah bundan betərindən qorusun“.

Gülyanaq xanım həmçinin bildirib ki, indi toyların hansı formada keçirilməsinə qərar veriləcəyi məlum deyil:

“İcazə verilsə nə xoş! Biz də istəyərik ki, oxuyaq. Bəs görəsən  orda özümüzü rahat hiss edə biləcəyikmi? Qorxmadan gedib nə isə olmayacaq deyəcəyikmi? Bizim də, o toy edən insanların da sevincini kədər üstələməsin.  Yenə də ehtiyatlı olmalıyıq, qorunmalıyıq. Mən belə düşünürəm, qorxuram. Bəli, madiyyata ehtiyacım var, ailəmə, uşağıma necə yox deyim?

Ona görə bir yandan da ehtiyacı olan insan kimi istəyirəm açılsın. Hamı yaxşı yaşasın.  Şükür Allahın bu gününə  sağ-salamatıq. Bir tikə çörək tapmayanlar, əziyyət çəkənlər də  var. Onlara  baxanda şükür edək.  Hamımız üçün çətindir. Kimin üçün asandır bilmirəm, bəlkə imkanları olanlar üçün rahatdır.

Məsələn, keçən il Gülyaz xanımla konsert elədik. Mən də həmin konsert üçün xərclərimizi  yığardım, ehtiyat kimi saxlayardım. Bilirdikmi ki, başımıza nə gələcək?  İndi də rahat şəkildə xərcləyib oturardım. Amma konsertimizə, yaradıcılığımıza sərf elədik. Nə qazanırıqsa, bu gün də, sabah da sənətimizə qoyacağıq. Biz bununla yaşayan insanlarıq.

Bu gün ehtiyatımız olmadığından özümüzü qınayırıq.  Neyləyə bilərik?  Sənət dostlarım da müəyyən fikirlər söyləyirlər, hamısına hörmət edirəm. Onları da anlayıram, mən də o vəziyyətdəyəm, özümü seçmirəm. Lakin bir az səbrli olaq desəm yanılmaram.

Bir söz deyə bilmirəm. Kimə nə deyim ki? Hamının  danışmağa haqqı var. Öz fikirlərimi bölüşdüm. Kimisə öyrətmək, kiməsə qarşı çıxmaq niyyətim yoxdur“.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər