"Bakı Nəqliyyat Agentliyi(BNA) sürücülərə qan uddurur. Bundan yumşaq söz demək çətindir. Maşını 20-30 saniyəlik saxlayıb sərnişin düşürənlərə 20-40 manat cərimə yazmağın başqa adı yoxdur".
Bu sözləri “525-ci qəzet"in baş redaktoru Rəşad Məcid “Facebook” hesabında yazıb. Onun sözlərinə cavab olaraq BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, agentlik iddia edildiyi kimi sürücülərə “qan uddurmur”:
“Sadəcə, sizə görülən tədbirləri və əldə olunan nəticələri izah edəcəm. Nəticə çıxarmağı isə özünüzə buraxıram. Ümid edirəm ki, cəmiyyətin nüfuzlu ziyalısı olaraq ədalətli yanaşma nümayiş etdirəcəksiniz. Pepperoni pizza
BNA uzun illərdən bəri paytaxt yollarını keçilməz edən qanunsuz parklanmaya qarşı mübarizə aparmaqdadır. Yanvar ayının 9-dan bu işə qanunsuz parklanmaya intellektual nəzarət kameraları da cəlb edilib. Görülən işlər nəticəsində, xüsusən də şəhərin mərkəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti normallaşıb. Hərəkət intesivliyi artıb. İlk dəfə olaraq, 70-dən yuxarı müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində stabilləşmə müşahidə edilir. Bu isə gün ərzində 1.300.000 sərnişinin əlavə vaxt itkisinə, stresə məruz qalmadan daşınması deməkdir. Düşünürəm ki, nəqliyyat vasitəsini qadağan olunan yerdə saxlayıb ictimai nəqliyyatdan istifadə edən insanın yolunu kəsənlərə qarşı mübarizə heç bir halda qan uddurmaq kimi qiymətləndirilə bilməz. Bunu etməklə biz, sadə vətəndaşın işini asanlaşdırıb onu əlavə vaxt itkisindən azad edirik. Hamı rahat avtomobildə hərəkət etmir. Bu arada ola bilər sualınız yaranar ki, bəs ictimai nəqliyyatda digər problemlər də var. Bəli, var, bunu bilirik və 3 ildir bu problemlərin həlli ilə məşğuluq. Avtobus parkı yenilənir, nağdsız ödənişin əhatə dairəsi genişləndirilir. Hədəfimiz bütün ictimai nəqliyyatda xidmətin keyfiyyətini artırmaq, insanların ictimai nəqliyyatdan istifadəsini stimullaşdırmaqdır. Bu şəhərimizin ekoloji durumunun yaxşılaşdırılması baxımından da vacibdir.
Digər bir yandan, kameraların iş prinsipinə əsasən, sürücü nəqliyyat vasitəsini 5-6 dəqiqə saxladığı halda ona qarşı cərimə tətbiq edilmir. Bu isə sərnişini bir neçə dəfə mindirib düşürməyə yetəcək qədər bir zamandır. Yolun ikinci və üçüncü hərəkət zolağında saxlayanlar isə dərhal qeydə alınır və tədbir görülür”.
Telegram kanalımız