25 May - 23:53
“Çoxları sual edəcək ki, jurnalistlər fövqəladə nə edirlər ki, onlara belə güzəşt verilsin?“

“Çoxları sual edəcək ki, jurnalistlər fövqəladə nə edirlər ki, onlara belə güzəşt verilsin?“

Yazar

15 Dek 2021 14:57


Ötən gün Milli Məclisdə “Media haqqında” yeni qanun layihəsinin  müzakirəsi zamanı deputat Zahid Oruc jurnalistlər üçün ictimai nəqliyyatın pulsuz olması təklifini irəli sürüb. Yenisabah.az jurnalistlərin bu təklifə münasibətlərini öyrənib.

Yenisabah.az-a açıqlamasında “Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı media mənsubları üçün istənilən güzəştlərin verilməsinin tərəfdarı olduğunu bildirib:

“Ümid edirəm ki, “Media haqqında” qanun qüvvəyə mindikdən sonra həqiqətən haqqımız çatan güzəştləri əldə edə biləcəyik. Köhnə qanun bunların heç birinə imkan vermirdi, 1999-cu ildə qəbul olunmuşdu və yeni media tendensiyalarını özündə əks etdirmirdi. Onlayn media platforması barədə qanunda bir cümlə belə yox idi. 

Yeni “Media haqqında” qanun layihəsi nə qədər tənqid olunsa da, bütün hallarda qəbulunu alqışlamalıyıq.

Zahid Orucun fikirlərinə gəldikdə isə ictimai nəqliyyatla bağlı təklifi təqdirəlayiqdir. Media haqqında qanun qəbul edildikdən sonra həqiqətən də o güzəştlər işimizi asanlaşdıracaq”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də bu təklifin qəbul edilə biləcəyini söyləyib:

“Milli Məclis komitələrinin iclasında iştirak edən zaman da bu fikirlər səsləndirildi. Ümumiyyətlə, MEDİA “Media haqqında” qanun layihəsini hazırlayan zaman media reyestrində qeydiyyatdan keçən jurnalistlər üçün hansısa güzəştlərin olması niyyətində idi. Güzəştlər arasında ictimai nəqliyyatın pulsuz olması da yer alırdı. Bu cür ənənə qonşu Türkiyədə mövcuddur. Orada jurnalistlərə sarı kart verilib və vaxtilə həmin kartla ölkə daxili uçuşlarda da güzəştlər olub.

Bu addım üçün dövlətin böyük vəsait ayırmasına ehtiyac olmayacaq. Jurnalistlər üçün bu bir stimuldur. Media reysterindən qeydiyyatdan keçən, jurnalist fəaliyyəti ilə mütəmadi məşğul olan şəxslərin nəqliyyatdan pulsuz istifadəsi qəbul oluna bilər”.

Modern.az saytının şef redaktoru Əfqan Qafarlının fikrincə, güzəşt təklifi gerçəkləşərsə, mübahisə doğuracaq:

“Jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə güzəşti 90-cı illərdə mövcud olub. Yəqin ki, yaşlı jurnalistlər bunu xatırlayırlar. Onda ictimai nəqliyyat dövlət balansında idi və bu imtiyazlar narazılıq doğurmurdu. Sonralar qanunvericilikdə dəyişiklik edildi, güzəştlər də ləğv olundu. 

İndi dövr, şərtlər dəyişib. Sərnişindaşımada jurnalistlərlə digərləri arasında fərq qoyulması bir qədər qeyri-adi görünə bilər. Zahid Oruc yaxşı təklif irəli sürüb, amma məncə, ictimaiyyət bu təklifi birmənalı qarşılamaz, çoxları sual edəcək ki, jurnalistlər fövqəladə nə edirlər ki, onlara belə güzəşt verilsin? İctimai nəqliyyatdan pulsuz istifadə güzəşti tələbələrə, yaşlı təqaüdçülərə, əlillərə verilsə, daha yaxşı olar. Bəli, bu gün jurnalistlər yaxşı yaşamırlar. Məvaciblər aşağıdır, çoxları kirayədə yaşayır, hər şey də gündən-günə bahalaşır. Yaxşı olar ki, jurnalist məvacibləri qaldırılsın, KİV redaksiyaları üçün normal reklam bazarı formalaşsın, media işçilərinə aşağı faizlə uzunmüddətli kreditlər götürməyə, ipoteka ilə ev almağa imkan yaradılsın. Axı bütün peşə sahibləri kimi jurnalistin də yaxşı yaşamaq hüququ var”.

Mehri QURBAN


Youtube kanalımız


Digər xəbərlər