Yazıçı Aqşin Yenisey müasir insanın azadlıq anlayışı ilə bağlı fikirlərini bölüşüb.
“Yeni Sabah” xəbər verir ki, o, sosial şəbəkə hesabında yayımladığı yazıda orta əsr insanı ilə modern insanın azadlığa münasibətini müqayisə edib.
Aqşin Yeniseyin sözlərinə görə, orta əsrlərdə insan üçün daxili azadlıq daha önəmli olub, çünki həmin dövrdə insanın xarici dünyası çoxsaylı qadağalarla əhatələnmişdi: Marqarita pizza
“Ortaçağ insanı üçün içindəki azadlıq önəmliydi, çünki çölü qadağalarla doluydu. Modern çağ insanın çölünü qadağalardan təmizlədi və modern insan üçün çölündəki azadlıq, yəni gördüyü və göstərdiyi azadlıq önəmli olmağa başladı.
Ortaçağ insanları içlərindəki azadlığı mücərrəd anlayışlarla ifadə edirdilər. Ruhən Tanrıya təslim olduqlarını düşünməklə bədənlərinə qoyulan qadağaların psixoloji gərginliyini sıfırlayırdılar. Azadlığın bu halı onlar üçün, bir növ, psixoloji narkotik idi”.
Yazıçı qeyd edib ki, azadlıq ifrata varmağa meyilli anlayışdır və orta əsrlərdə bu, insanın Tanrıdan asılılığı formasında özünü göstərib:
“Azadlıq ifrata varmağa meyillidir və Ortaçağ insanının azadlığı Tanrı asılılığı şəklini alaraq onu monastr qulyabanisinə, eşq divanəsinə, təkkə yesirinə çevirirdi. Bu adamlar özlərini yer üzündə dolaşan Tanrı qırıntıları zənn edirdilər.
Ortaçağda insanın başqalarından gizləyə bildiyi qədər azadlığı vardı. İçində azad və abad idi, çölündə qapalı və viranə! Modern insanda bunun tam əksi baş verdi. İnsanın azadlığı içindən daşıb çölünə töküldü və özüylə Tanrını da çölə çıxardı. Modern insan gizləyə bildiyi qədər deyil, görə və göstərə bildiyi qədər azaddır”.
Yazıçı müasir dövrdə insanın daxili dünyasının boşaldığını, inancın və azadlığın da nümayiş xarakteri aldığını vurğulayıb:
“Bu gün insanın içi boşdur, hər şeyi çölündədir. Hətta Tanrıya da görə və göstərə bildiyi qədər inanır. Bu gün özünü yer üzündə dolaşan Tanrı qırıntıları zənn edənlərin də içi boşdur. Tanrı onların çölündədir və onu başqalarına göstərməklə məşğul və məşhurdurlar.
Tanrı artıq modern insanı monastra, səhraya, təkkəyə çağırmır, onu kütlənin tünlüyünə soxub məşhurlaşdırır, dəbə mindirir. Eyni zamanda özü də dəb halını alır. Tanrıya inanmaq artıq modern çağın dəblərindən biridir”.
A.Yenisey fikirlərinin sonunda müasir insanın azadlıq anlayışına da diqqət çəkərək belə yazıb:
“Bu gün “ucalardan ucasan, kimsə bilməz necəsən” deyə bir Tanrı yoxdur, feysbukda, TikTokda, çayxanada, avtobusda, metroda ələ-ayağa dolaşan bir Tanrı var.
Çünki dəb özünü ələ-ayağa dolaşaraq təsdiqləyir. Bu gün azadlıq da dəyər deyil, dəbdir, hər yerdə əlimizə-ayağımıza dolaşır.
Çünki modern insanın çölü azad və abad, içi qapalı və viranədir”.
Aydan Hacı
Telegram kanalımız