Dənizin udduğu uşaqlarımız…

Dənizin udduğu uşaqlarımız…
Avq 11, 2019
Oxunma sayı: 97

Son vaxtlar işim, fikirlərim çox olur. Vaxtım da az. Amma bəzi problemlərin üstündən keçmək olmur ürək ağrısız hiddətsiz. Misal, belə xəbər.

Bu gün (dünən) saat 15:00 radələrində Nardaranda, iki qardaşın, hər birinin iki övladı olmaqla 4 övladı dənizdə çimərlikdə batıb. 3 uşağın cəsədlərini çıxarmaq mümkün olub. Bir uşağın isə axtarışı davam etdirilir. Çox heyif. Allah rəhmət eləsin.

Sözüm nədir? Ay atalar-analar, bir uşagın boya-başa çatdırılması qalsın, 9 ay, doguşa qədərki hamilə dövrü nə qədər əziyyət, zəhmət, həkim, dərman, xərc çıxır, unudursunuzmu? Sonra isə səhərə kimi yatma, yırğala, təmizlə, qazan gətir yedirt, geyindir, sev, əzizlə, böyüt oxutdur və s..

Və gətir günün birində məsuliyyətsizcəsinə bir dənizə bağışla, çıx get! Bizim insanlar elə bil ki, kütləvi psixoz halı yaşayır, vallah! Və bu, psixoz pozuntunun ziyankarlıgı başqasına deyil, məhz özünəqəsdə, kütləvi intihara yönəlib. Sanki qəti bir proqram qoyulub, bir səbəb tap, özünü bitir.

Qışda dəm qazından zəhərlənmələr, yayda göl, dəniz bogulmaları, ilboyu da avtoqəza ölümləri. Və hamısı da, havayı, lazımsız, baş verməməsi 100 faiz mümkün olacaq ölümlərdir. İnanın, bu belədir. Neçə illər, neçə yerlərdə cinayət tərkibli qəsdən və həm təsadüfi ölümlərin araşdırması üzrə mutəxəssis olmuşam. Bir var, müharibədə ya döyüş postundasan, dag zirvəsində alpinist, ya dənizin alt qatında akvalanqistsən. Bu, riskli sənət və sahələrdir ölüm əmsalı hədsiz yüksək. Öləndə də deyilir, həlak oldu, fəaliyyəti uğrunda.

Bir də var, istirahət günüdü, ailən, qohumlarınla birlikdə, yeyir-içir, dincəlirsən. Və birdən, elə bil ki, əcəl hərləyir (əslində əcəl yox beyin tutması) aparıb özünü ya uşaqlarını salırsan dənizə. Heç nədən, atırsan özünü ya uşağını ölümün agzına və bir anda bütün hər şeyi mənasız lazımsız alt-üst edirsən. Lazımdımı bu yoxdan doğan faciə?

Ay qardaş, ay bacı, siz bilirsinizmi, dəniz nədir? Dəniz, gözəl və xeyirxah olduğu qədər də, yekə-qəsəbə boyda gəmiləri, "Tıtaniki" udan zalım bir əjdahadır. Sən dənizə niyə girirsən? Onun uzun-enindən, dərinliyindən, onun atmosferlə təmasa uyğun qabarması-çəkilməsindən, dəniz içindəki axınlardan xəbərin varmı? Ölüm amilləri bunlar.

Deyəcəksən ki, çimərlikdir. Nə çimərlik, yalandı? Çimərliyin beynəlxalq çimmə-üzmə rahatlığı və təhlükəsilik üzrə standartları var. Əsl çimərlikdə sən batmaq da istəsən bata bilməzsən. Bizimki gəlir, işbaz pul qazanmaq, ya da icra hakimiyyət orqanı əhaliyə xidmət adilə, başdansovdu dəniz sahilnin gözəyarı bir hissəsini götürüb adını da qoyur çimərlik, deyir di, çimin, üzün. 

Fövqəladə hallar da, çimərlik standartlarını bilmir, ancaq ki, öz işini insanları xilas etməkdə görür. Xilas da ki təhlükəli, qeyri-standart yerdə necə ola bilər ki? İkisini xilas edə bilər, üçünü yox. Sən minalı bir sahəyə camaatı burax de ki, partlasa xilas edim, necə və niyə? 

Əsil standart təhlükəsiz çimərliyə heç xilasdedici lazım olmur. 1 ilə yaxın İngiltərə cənubundakı Bournemous adlanan bir şəhərdə yaşadım. Dənizin sahilndə gözəl rahat çimərliyi vardı. Minlərlə adam çimirdi, bir dənə nə batanı, nə xilasedici görmədim orada. Bizdə çimərliyə gərək mütləq, aidiyyətli qurumlar, ekspertiza ilə yoxlayıb istifadə, təhlükəsizlik sertifikatı versin. Və hər belə, boğulma ölümü barəsində, cinayət işi qaldırılıb, bütün instansiyalar cəzalandırılsın.

Hələlik isə, əziz həmvətənlər, bizdəki dövlətçilik hələ ki bu səviyyə-standartla formalaşmayıbsa, insan ölümü belə asan, ucuzdursa, heç olmasa məntiqi əsas götürüb, özünüzü, ailə, balalarınızı qoruyun belə asan, havayı, təsadüfi ölümlərdən.

Bu yazını da, sizlər üçün yazdım ki, oxuyub bilib paylaşaq hamı bilsin bu, çimərlik təhlükəsini və obrazlı desək "əjdahasını". Özümüzü qoruyaq ki bu saat bizə ucuz ölüm yaraşmaz xalqımızın bu birlik və ölkəni dəyişib yenidən qurub, torpaqları geri alıb, inkşafa gedəcəyi məsul bir dövründə..

Bizim üçün bu sınaq dövrü, böyüklü-körpəli, hər bir vətəndaşımız qiymətlidi, itkiyə yol verməyək!

İlqar Altay