Tanınmış şair-yazıçı Həmid Herisçi Şuşada keçirilən Vaqif poeziya günlərinə şeir həsr edib.
Onun yeni yazıb “Yeni Sabah”ın redaksiyasına təqdim etdiyi şeiri biz də öz növbəmizdə oxucularımıza təqdim edirik:
XUDAFƏRİN pizza
( ŞUŞA VAQİF POEZİYA GÜNLƏRİNƏ)
Bir gün görüşərik Xudafərində,
İndi yellər əsir onun yerində...
Bir gün Xudafərinə oxşar körpünü
Gördüm,
Stiven Spilberqin “Casus körpüsü” filmində.
1961-ci ildə
Casusları dəyişirdilər o cür körpülər üzərində.
O filmdə, o dövrdə, o körpü üstə
Siqaretlər, öskürdürdü,
Qapılar, ürəklər eyni vaxtda döyünürdü,
Camadanlar, çox tez andıra, sovxaya dönürdü
O səhnələrin təsirindəndi
İlk kosmopolit fikirlərim
Elə bil alışdığım geyim ölçüsü “L”i
“M”lə əvəzlədim.
O filmlərdəydi dodaqlarını isladacaq
gözəllərim.
Bağışla, Münsiflər heyəti
Kəsildi internetim...
Xudafərin,
Sən o soyuq muharibənin,
Atam Qafar Kəndlinin,
Karl Spilberqin,
Təkcə
Casus, tale körpüsü
deyildin.
Sən belə yerlərdə öz addımlarını
Yalnız ortopedik çəkmələrə,
Birdə atam kimi rəhmətliklərə
Etibar edirdin.
Səndin
Siratül müstəqim
Körpülərin bioqrafiyası qısadı.
Siftəsi, tacirlərindi.
Əsgərlərindi. Mühacirlərindi.
Körpülər, axırlarına yaxın, şairlərindi.
Şəhriyarın,
Söhrab Tahirin.
Mənzərəni, deyən,
çox mürəkkəbləşdirdim?
Sadələşdirim:
Üzərində heç olmasa casusları dəyişin.
Təki o körpü
İşləsin.
Lap deyirsiz bəsitləşdirim:
Festival keçir Təbrizsiz. Xudafərinsiz
Herisçisiz.
Heç dəyişmədiz.
Yaxşı.
Elə bilin yenə də Şuşada
Ağa Məhəmməd şah Qacar
mü-ha-sirəsin-də-siniz.
Telegram kanalımız