Türkiyədə doğulduğu gündən etibarən yediyi demək olar ki, bütün qidaları qusan 1,5 yaşlı uşağın xəstəliyi uzun müddət reflü hesab edilib. Lakin aparılan müayinələrdən sonra məlum olub ki, o, yüz mində bir rast gəlinən çox nadir anadangəlmə xəstəlikdən əziyyət çəkir.
"Yeni Sabah" xəbər verir ki, Türkiyənin Diyarbəkir şəhərində yaşayan Həsən Hüseyn Ayyıldız doğulduğu gündən etibarən davamlı qusma və inkişaf geriliyi problemi yaşayıb. Uşaq cərrahı Taner Kamacı bildirib ki, körpə yarıq dodaq və damaq, ürək qüsuru, eləcə də dayanmayan qusma şikayətləri ilə dünyaya gəlib. İlk vaxtlar onun vəziyyəti reflü kimi qiymətləndirilib, qidaları dəyişdirilib və müxtəlif dərmanlarla müalicə aparılıb. Ancaq bunların heç biri nəticə verməyib.
Həkimin sözlərinə görə, ana övladının 1,5 il ərzində hər gün 8-10 dəfə qusduğunu bildirib. Uşaq qidalandıqdan dərhal sonra yediklərini qaytarırmış. Pepperoni pizza
Şikayətlər davam etdiyindən körpə uşaq qastroenteroloquna aparılıb. Endoskopiya zamanı mədənin çıxış hissəsində "pre-pilorik antral veb" adlanan çox nadir anadangəlmə xəstəlik aşkarlanıb. Bu xəstəlik zamanı mədənin çıxışında əmələ gələn nazik pərdə qidanın bağırsağa keçməsinə mane olur. Nəticədə uşaq yediklərini həzm edə bilmir və davamlı qusma baş verir.
Taner Kamacı bildirib ki, bu xəstəlik təxminən yüz mində bir nəfərdə rast gəlinir. Daimi qusma səbəbindən uşaqlarda inkişaf geriliyi də müşahidə olunur.
Həkimlərin qərarı ilə 4,5 saat davam edən əməliyyat zamanı uşağın mədə çıxışındakı pərdə aradan qaldırılıb. Eyni zamanda, qasıq və göbək yırtıqları əməliyyat olunub, sünnət də həyata keçirilib. Beləliklə, körpə eyni əməliyyatda ümumilikdə 6 cərrahi müdaxilə keçirib.
Əməliyyatdan sonra uşaq bir həftə xəstəxanada nəzarətdə saxlanılıb və daha sonra evə buraxılıb. Həkim bildirib ki, o, doğulduğu gündən bəri ilk dəfədir qusmadan həyatını davam etdirir.
Taner Kamacı qeyd edib ki, xəstəlik olduqca nadir rast gəlindiyi üçün əksər həkimlər belə hallarla heç vaxt qarşılaşmırlar. Bu səbəbdən diaqnozun qoyulması gecikir. Onun sözlərinə görə, əgər uşağa daha əvvəl endoskopiya edilsəydi, bu qədər əziyyət çəkməsinə ehtiyac qalmazdı.
Uşağın anası Fatma Ayyıldız isə bildirib ki, əvvəlcə qusmanı yarıq damaq problemi ilə əlaqələndiriblər. Daha sonra müxtəlif müalicələr və dərmanlar nəticə vermədiyi üçün endoskopiya aparılıb və düzgün diaqnoz qoyulub. O, əməliyyatdan sonra oğlunun qusmasının tam dayandığını və bunun ailə üçün böyük sevinc olduğunu deyib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız