Prezidentin xalq arasına çıxması Azərbaycanda gələn il keçiriləcək parlament seçkilərinə hazırlıq kimi dəyərləndirilir. Qeyd edilir ki, YAP hakim partiya olaraq artıq öz rolunu oynayıb və o çox köhnəlib, zamanla ayaqlaşa bilmir.
Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu “Yeni Sabah”a danışarkən bildirib ki, səsləndirilən fikirlərlə razılaşmır:
“Prezidentin son vaxtlar atdığı addımların guya parlament seçkilərinə indeksləşməsini düşünmək tamamilə yanlışdır. Əslində ölkədə yaranmış sosial-iqtisadi gərginliyi aradan qaldırmaq məqsədilə səfərlər edilir. Ona görə də bu prosesi seçki ilə əlaqələndirmək qətiyyən düzgün deyil. Həm də YAP heç vaxt seçki kampaniyası aparıb qələbə qazanmayıb ki? Bu partiya həmişə saxta yollarla çoxlu mandat alıb. Məzahir Pənahov da orda oturub. Hələlik hansısa demokratik seçki keçirilməyib ki, prezident öz partiyasının təbliğatını aparsın. Bunlar hamısı gülünc şeylərdir”. Marqarita pizza
S.Cəlaloğlu hakim partiya ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib:
“YAP seçkiləri saxtalaşdırmaqla müəyyən mənada parlamentdə təmsil olunub. Antik dövrdə də YAP kimi partiyalar var idi. Yəni partiya ilə dövlət idarəetməsi birləşdirilib. Məhkəmələr, prokurorlar, icra başçıları, nazirlər eyni zamanda partiyanın üzvü sayılır. Tabeçiliyində olan dövlət məmurlarını da partiyanın üzvü olmasına məcbur edirlər. Kimlər ki, üzv olmur, işdən çıxarırlar , incidirlər və.s. YAP-ı klassik siyasi partiya kimi dəyərləndirmək yanlış olar”.
Partiya sədri qeyd edib ki, parlamentdə yeni nəslin təmsil olunacağı fikri də gülməlidir:
“Amerika konqresinin senatında orta yaş hardasa 60-dan yuxarıdır. Prezidentlər arasında 60-dan aşağı yaşı olana rast gəlmək çətindir. Bütün bu fikirlər Azərbaycanda yaranmış problemlərdən ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyır. Gəncliyin, qocalığın siyasətə nə aidiyyatı var? Siyasi dildə cavanlıq və qocalıq insanların müdafiə etdiyi ideyalarla bağlıdır. 18-20 yaşlı biri totalitar təfəkkürə malikdirsə, qocadır və ya demokratik düşüncəli 70-80 yaşlı biri cavandır. Yoxsa bu ailə qurmaq deyil ki, deyəsən qoca getsin, cavan evlənsin. Gah deyirlər ki, yaz gələcək camaat oyanacaq, gah deyirlər, cavanlar, hündürboylar gəlsin. Bu nə deməkdir? Azərbaycanda insanlarda o qədər siyasi şüur yoxdur ki, onları bu cür şeylərlə aldatmaq çox asandır. Bu gün elə cavanlar var ki, orta əsr şüuruna malikdir”.
Günay Rəsulqızı
Telegram kanalımız