Ermənistanda müharibə partiyası hakimiyyətə can atır: Paşinyan təklənir
27 Okt 2020 20:03
3889

Ermənistanda müharibə partiyası hakimiyyətə can atır: Paşinyan təklənir

Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan Nikol Paşinyan hökumətini hakimiyyəti hərbçilərə verməyə çağırıb. Manukyan öz müraciətində ölkədəki vəziyyəti erməni tarixinin ən rüsvayçı və dağıdıcı səhifələrindən biri kimi qiymətləndirir. Təkcə Qarabağın deyil, Ermənistanın və erməniliyin gələcəyinin təhlükə altında olduğunu qeyd edir. 

Manukyan Paşinyandan bütün hakimiyyəti könüllü şəkildə hərbçilərə verməyi tələb edir. Ordu bütün hakimiyyəti ələ alaraq Qarabağ separatçılarının rəhbərliyilə birlikdə vahid Müdafiə Komitəsi yaratmalı, əlaqədar dövlətlərlə, beynəlxalq qurumlarla danışıqlara başlamalıdır. Hərbi vəziyyətə uyğun hərəkət etmək lazımdır.  “Bu, yeganə xilas yoludur. Əks halda biz hər şeyi itirə bilərik”, - bəyanatın mətnində deyilir.

Bu gün  Ermənistanda  MTŞ Əks-kəşfiyyat İdarəsinin rəisi, general-mayor Ohanes Karumyan vəzifəsindən azad edilib. Yerevanlı şərhçilər onun işdən çıxarılmasını dövlətə xəyanətilə bağlı qalmaqallı cinayət işilə izah edirlər. “Bizdə dövlətə xəyanət, casusluq, hərbçilər arasında yalan informasiyanın yayılması ilə bağlı üstü  açılmış hallar var”, - bundan öncə Ermənistan MTŞ rəhbərinin müavini Armen Abazyan bildirmişdi.

Görünür, Azərbaycanla müharibəni faciəvi şəkildə uduzan Ermənistanda gözlənildiyi kimi, N.Paşinyanın vətəndaş hökuməti  ilə yüksək rütbəli zabitlər arasında hakimiyyət uğrunda mübarizə başlayıb. V.Manukyanın timsalında Paşinyanın siyasi əleyhdarları hərbçilərin tərəfində çıxış edirlər.

Bu, Paşinyanın hakimiyyətdən dinc yolla kənarlaşdırılması ilə bağlı ikinci cəhddir. Birincisi, oktyabrın 17-də (müharibənin 20-ci günündə) olmuşdu. Öncə 13 partiya, sonra isə 16 partiya birgə bəyanatla çıxış etmişdilər. Bəyanatda Ermənistanın və Qarabağ separatçılarının keçmiş və indiki prezidentləri, baş nazirlər  və xarici işlər nazirlərinin iştirakı ilə operativ qərargahın formalaşdırılması təklif olunurdu. Təklif edib ki, qərar qəbul etmək hüququ olan qərargah dövlət orqanı statusuna malik olsun.

O zaman Paşinyan 16 partiyanın hücumuna reaksiya verməyib, “Qarabağı xilas etməyə” hazırlaşan eks-prezidentlər Robert Köçəryan və Serj Sarqsyanın fəal hərəkətlərinə qarşı çıxmışdı. Paşinyan Köçəryana Putinlə görüşmək üçün Moskvaya getməyə səlahiyyət vermədi. Bundan sonra Qarabağ hadisələrində Sarqsyan və Köçəryanın adı çox keçmədi.

Adıçəkilən parlamentdənkənar qüvvələr Paşinyandan əsl vəziyyəti ictimaiyyətə təqdim etməyi, yəni hökumətdə gizli keçirilən görüşdə danışılan hər şeyi xalqa açıqlamağı tələb ediblər. Əks təqdirdə, 16 partiyanın liderləri onlara baş nazirin özündən məlum olan xəbərləri ictimaiyyətə açıqlamaqla hədələyiblər.

Güman ki, Paşinyan hərbi əməliyyatlar və danışıqlar prosesinin nəticəsinə görə səlahiyyət və məsuliyyəti bölüşməyi istəmir, - Yerevan KİV bildirib. /Turan

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər