ABŞ-də həbs cəzası çəkən məşhur reper Şon Kombsun – səhnə adı ilə “P. Diddi”nin həbsxanadakı həyatı ilə bağlı yeni iddialar ortaya çıxıb. Məlumatlara görə, musiqiçi digər məhbuslardan fərqli şəraitdə yaşayır və keçmişdəki imkanlarını həbsxanada da müəyyən qədər davam etdirə bilir.
“Yeni Sabah” xəbər verir ki, "NBC News"un araşdırmasına əsasən, Kombsun Nyu-Cersidəki Fort-Diks federal həbsxanasında bəzi məhbuslardan şəxsi işləri üçün istifadə etdiyi iddia olunur. Mənbələrin sözlərinə görə, bəzi məhbuslar onun üçün yemək hazırlayır, əşyalarını yığışdırır, yatağını düzəldir və paltarlarını yuyurlar. Hətta onlardan birinin Kombsa Çin üsulu ilə masaj etdiyi bildirilir.
İddialara görə, reper bunun müqabilində digər məhbusların hesablarına hər ay minlərlə dollar köçürülməsinə nail olur. Bu pulların onun üçün müxtəlif işləri görən şəxslərə çatdırıldığı bildirilir. pizza
Avropa mediasında da yayılan xəbərlərdə Kombsun həbsxanada qadağan olunan əşyalara çıxış əldə etdiyi iddiaları yer alıb. “The Independent” yazır ki, mənbələr reperin qaçaq yolla həbsxanaya gətirildiyi bildirilən mobil telefondan istifadə etdiyini, sosial şəbəkələrə daxil olduğunu və ona göndərilən açıq-saçıq görüntülərə baxdığını iddia ediblər.
Bundan başqa, onun filmlərə və sənədli filmlərə baxmaq üçün dəyişdirilmiş planşetdən istifadə etdiyi də bildirilir. İddialara görə, Kombs hətta “Netflix”də özü haqqında çəkilən “Sean Combs: The Reckoning” sənədli serialına da baxıb.
Məhbusların sözlərinə əsasən, həbsxanada spirtli içki də əldə etmək mümkündür. Onlardan biri Kombsla birlikdə “Hennessy” konyakı içdiyini iddia edib. Mənbələr həmçinin həbsxananın qara bazarında bəzi dərmanların satıldığını və Kombsun da bunlardan əldə etdiyi deyilən şəxslər arasında olduğunu bildiriblər.
"NBC News"un məlumatına görə, Kombsun həbsxanadakı rahatlığı problemsiz keçməyib. O, yay aylarında başqa məhbusla mübahisədən sonra müəyyən müddət təcridxanaya salınıb. Daha sonra isə narkotik asılılığı ilə bağlı müalicə proqramından çıxarılıb.
Qeyd edək ki, Kombs 2025-ci ilin iyulunda iki maddə üzrə – fahişəlik məqsədilə insanların ştatlar arasında daşınması ilə bağlı ittihamlar üzrə təqsirli bilinib. O, daha ağır olan insan alveri və mütəşəkkil cinayətkarlıqla bağlı ittihamlardan isə bəraət alıb. 2025-ci ilin oktyabrında ona 50 aylıq həbs cəzası verilib.
Kombsun nümayəndəsi son iddiaları qəbul etməyib. O, reperin cəzasını həbsxana qaydalarına uyğun çəkdiyini və hazırda apellyasiya prosesinin nəticəsini gözlədiyini bildirib. ABŞ Federal Həbsxanalar Bürosu isə konkret olaraq Kombsun vəziyyətini şərh etməyib. Qurum ümumi açıqlamasında mobil telefon, narkotik və digər qadağan olunmuş əşyaların həbsxanalarda ciddi problem olaraq qaldığını qeyd edib.
Bu arada, Kombsun həbsdən çıxacağı tarix də yenilənib. Federal Həbsxanalar Bürosunun məlumatına əsasən, reperin hazırkı ehtimal olunan azadlığa buraxılma tarixi 21 yanvar 2028-dir. Bu tarix əvvəlki hesablamadan 15 gün daha erkəndir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız