Azərbaycanda dövlət idarəçiliyinin daha səmərəli təşkili məqsədilə icra hakimiyyəti orqanlarının regional əsasda fəaliyyət göstərməsi ilə bağlı müzakirələr vaxtaşırı gündəmə gəlir. Bəzi sahələrdə artıq tətbiq olunan regional idarəetmə modelinin icra hakimiyyətlərinə də şamil edilməsinin mümkün olub-olmaması və bunun vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinə necə təsir göstərəcəyi maraq doğurur. Görəsən, icra hakimiyyətlərinin regional əsasda fəaliyyət göstərməsi idarəetmədə səmərəliliyi artıracaq, yoxsa əksinə, vətəndaşların dövlət qurumlarına çıxışını daha da çətinləşdirəcək?
“Yeni Sabah” xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı belə yanaşmanın effektiv nəticə verməyəcəyini düşünür.
Onun sözlərinə görə, bəzi dövlət qurumlarında artıq regional idarəetmə modeli tətbiq olunur. Dördpendirli pizza
“Hazırda təhsil və mədəniyyət sahələrində regional idarəetmə mexanizmi fəaliyyət göstərir. Məsələn, 4-5 rayonu əhatə edən təhsil idarələri yaradılıb. Lakin eyni modeli icra hakimiyyətlərinə tətbiq etsək, bunun effektiv olacağını düşünmürəm. Onsuz da vətəndaşların məmurlara çıxışı çətindir. İnsanlar problemlərini çatdıra, onlarla ünsiyyət qura bilmirlər. Belə bir sistem tətbiq edilərsə, məmurların sayı daha da azalacaq. Əvvəllər dörd rayonda dörd icra başçısı fəaliyyət göstərirdisə, sonradan bir nəfərin bir neçə rayonu idarə etməsi nəzərdə tutula bilər. Bu halda bir rayonu idarə etməkdə çətinlik çəkən icra başçısı 4-5 rayonu necə idarə edəcək?” – deyə Abbaslı bildirib.
Partiya sədri hesab edir ki, regional idarəetmə yaradılsa belə, rayonlarda yenə də yerli strukturlar fəaliyyətini davam etdirməli olacaq.
“Çünki müəyyən sayda əhalinin idarə olunması üçün kifayət qədər idarəetmə aparatı lazımdır. Bürokratların sayını azaltmaqla xidmətin keyfiyyəti artmayacaq. Bu cür təşəbbüslər əsasən büdcə xərclərinin azaldılması və optimallaşdırma adı altında aparılır. Əslində isə bu, ixtisar deməkdir. Nəticədə həm iş yerləri azalır, həm də vətəndaşlara xidmət göstərən şəxslərin sayı minimuma enir”, – deyə o, vurğulayıb.
Tural Abbaslının fikrincə, hazırda da vətəndaşların dövlət məmurlarına çıxış imkanları məhduddur və regional idarəetmə bu problemi daha da dərinləşdirəcək.
“Bu gün demək olar ki, heç bir vətəndaş məmura rahat şəkildə çıxış əldə edib problemini çatdıra bilmir. Təhsil, səhiyyə və mədəniyyət sahələrində regional idarəetməyə keçid də göstərdi ki, gözlənilən effektivlik əldə olunmayıb. Azərbaycan onsuz da kifayət qədər böyük inzibati ərazi vahidlərinə malikdir. İdarəetmə strukturlarının sayını azaltmaq çıxış yolu deyil”, – deyə Ağ Partiya sədri əlavə edib.
Telegram kanalımız